Xəstəxana tikən podratçı təşkilatlara əlavə 1,5 milyon ödənilib

   Xəstəxana tikən podratçı təşkilatlara əlavə 1,5 milyon ödənilib
  06 Avqust 2024    Oxunub:930
Hesablama Palatası Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının istifadəsində nöqsanlar aşkarlayıb.
Bu barədə Palatanın Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının (Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə) auditi üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatında qeyd edilib.

“Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələlərinin layihə-smeta sənədlərində "Nəzərdə tutulmayan işlər və xərclər üzrə ehtiyat vəsait"in istifadə olunmayan hissəsinin müqavilədə və yerinə yetirilmiş işlərin qəbulu aktında işlərin dəyərinə əlavə edilməsi hesabına işlərin dəyərinin 1-ci mərhələ üzrə 256.868,97 manat, 2-ci mərhələ üzrə 82.440,15 manat, ümumilikdə 339.309,1 manat artırılmasına və podratçıya artıq ödənilməsinə səbəb olub.

“Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi” layihəsinin 1-ci mərhələsi üzrə bazis qiymətləri ilə tikintinin dəyərinin müəyyənləşdirilməsində smeta üzrə 4 bölmədə işlərə vahid qiymət normasının düzgün tətbiq edilməməsi işlərin ehtimal dəyərinin artması ilə yanaşı satınalma məbləğinin və yerinə yetirilmiş işlərin dəyərinin ümumilikdə 542.172,74 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.

“Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələlərinin layihə-smeta sənədlərində əsassız olaraq küləyin təsirinə görə podratçı təşkilatların əlavə xərclərinə vəsait nəzərdə tutulması, habelə satınalma sənədlərinə və yerinə yetirilmiş işlərin qəbulu aktına daxil edilməsi işlərin dəyərinin 1-ci mərhələ üzrə 55.072,41 manat, 2-ci mərhələ üzrə 43.860,19 manat, ümumilikdə 98932,6 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.

“Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələləri üzrə smeta və satınalma müqaviləsində nəzərdə tutulan işlərlə müqayisədə yerinə yetirilmiş işlərin qəbulu aktlarında həcmləri azaldılmış və icra edilməyən bəzi işlərin əvəzinə smeta və satınalma müqaviləsində nəzərdə tutulmayan və dövlət ekspertizasından keçməyən daxil edilmiş işlərin bazis qiymətləri ilə dəyəri çıxarılmış işlərin dəyərindən az olduğu halda bərabər götürülməsi hesabına işlərin ümumi dəyəri qənaət məbləğləri nəzərə alınmaqla 1-ci mərhələ üzrə 57.437,36 manat, 2-ci mərhələ üzrə 454.040,52 manat, ümumilikdə isə 511.477,9 manat artırılmış və podratçıya artıq ödənilib.

Layihənin icrası üzrə ehtiyacların müəyyənləşdirilməsi, ilkin satınalma planının hazırlanması, təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi prosesinin aparılmaması keçirilmiş satınalma proseduru üzrə bağlanılmış satınalma müqaviləsinin öhdəliklərinin də icrasında dəyişikliklərə səbəb olmaqla yanaşı dövlət satınalmalarını tənzimləyən qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnib.

Obyektin geoloji-mühəndisi, layihə-smeta sənədlərinin hazırlanması işləri üzrə ehtimal olunan qiymətin müəyyənləşdirilməməsi və avadanlıqların satınalması üzrə ehtimal qiymətin müəyyənləşdirilməsi prosesində qeyri ixtisaslı hüquqi şəxslərə müraciətlərin edilməsi ehtimal qiymətinin də yüksək formalaşmasına imkan yaradıb.

“Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi” layihəsi üzrə satınalmalarda tender komissiyasının fəaliyyətində və satınalan təşkilat tərəfindən prosedur pozuntularına yol verilmə əsasən öhdəliklərin icrası üzrə gecikmələrin cərimədən azad edilməsinə səbəb olub.

Tikinti və Şəhərsalma Məcəlləsinin 105-ci maddəsi ilə tikinti obyektinin istismara verildikdən sonra 2 il zəmanət müddəti müəyyən edildiyi halda “Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi” obyekti üzrə bağlanılmış satınalma müqaviləsində təminat müddəti 1 il müddəti seçilmişdir ki, bu da qanunvericiliyin tələblərində uyğunsuzluq hallarının olmasına səbəb olub.

2021-ci və 2022-ci illərdə Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim olunan “obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında” hesabatı göstəricisi ilə İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına təqdim olunan “Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri çərçivəsində icra olunan layihələrin icra vəziyyəti ilə bağlı başa çatmış və çatmamış tikililər barədə məlumat” göstəriciləri arasında əhəmiyyətli fərqlər mövcuddur.

Obyektin 2023-cü ildə başa çatmasına baxmayaraq müvafiq sənədləşmələrin vaxtında aparılmaması və başa çatmış obyektlərin istismara qəbulunun ləngiməsi mühasibat uçotunda müvafiq dövrlər üzrə hesabatda başa çatmayan tikililərin dəyərinin artmasına səbəb olub.

“Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi” layihəsi üzrə işlərin müvafiq sənədlərlə 2023-cü ilin sonunadək tam başa çatması rəsmiləşdirilsə də auditlə tibbi avadanlıqların təhviltəslim aktı ilə 2024-cü ilin yanvar ayında sifarişçiyə verilməsinin müəyyən edilməsi mühasibat uçotunun aparılmasının təsdiq edici sənədlərə qismən istinad edildiyini şərtləndirir.

Qurum Nazirliyə auditlə əhatə olunan obyektin smeta sənədlərində tikinti-quraşdırma və avadanlıqlar üzrə iş vahidi qiymətinin (1991-ci ilin bazis qiyməti) düzgün tətbiq edilməməsi, layihə smeta sənədlərində “nəzərdə tutulmayan işlər və xərclər üzrə ehtiyat vəsait”in istifadə olunmayan hissəsinin müqavilədə və yerinə yetirilmiş işlərin qəbulu aktında işlərin dəyərinə əlavə edilməsi və bu kimi uyğunsuzluq hallarına yol verilməsi nəticəsində podratçı təşkilatlara artıq ödənilmiş 1 491 892,34 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsinin nəzərə alınmasını təklif edib.


Teqlər:





Xəbər lenti