Qaxda “Qərbi Azərbaycana qayıdış” mövzusunda konfrans keçirilib
Konfransın əvvəlində Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxış edərək, erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə danışıb. Bildirilib ki, məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq olub.
Konfransda çıxış edən “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri, layihə rəhbəri Çingiz Bayramov bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Tarixi-mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Ermənilərin Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları, şimaldan gələn təzyiqlər soydaşlarımızı bu yerlərdən didərgin salıb. Xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlanmasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir.
Qeyd olunub ki, Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlılar Qərbi Azərbaycana qayıdışın başlayacağı günü gözləyir və buna ürəkdən inanırlar. Bu baxımdan Qərbi Azərbaycana “Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir.
İctimai Birliyin İdarə Heyətinin üzvü, layihə üzrə ekspert Günay Hacıyeva çıxışında Zəngəzur dəhlizinin iqtisadi, konseptual və beynəlxalq əhəmiyyətindən bəhs edib.
Konfransda, həmçinin İctimai Birliyin İdarə Heyətinin üzvü Vidadi Məmmədov, Qərbi Azərbaycan icmasının Qax rayonu üzrə nümayəndəsi Həsən Tarverdiyev, Ağkənd icmasının rəhbəri Şəfiqə Cəfərova mövzu ilə bağlı çıxış ediblər.
AzVision.az
Teqlər: