Diaspor nümayəndəsi: Milli Məclisə seçkilərin Azərbaycanın bütün ərazilərini əhatə etməsi bizi qürurlandırır

   Diaspor nümayəndəsi:    Milli Məclisə seçkilərin Azərbaycanın bütün ərazilərini əhatə etməsi bizi qürurlandırır
  08 Avqust 2024    Oxunub:296
“Hər bir azərbaycanlı kimi biz diaspor nümayəndələri də ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın uğurlarına sevinirik. Vətənimizdə cərəyan edən bütün hadisələri yaxından izləyirik və zərurət yarananda münasibətimizi bildiririk. Milli Məclis seçkilərinə də ciddi önəm veririk. Çox xoşbəxtik ki, bu il Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində baş tutacaq”.
Bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Amerika Qadın Assosiasiyasının sədri Minəvvər Vahabova deyib.

Diaspor fəalı hesab edir ki, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdandan sonra ilk dəfə öz deputatlarını doğma yurdlarında seçmələri önəmli hadisədir:

“Bu ilin fevral ayında baş tutmuş Prezident seçkilərində biz də fəal iştirak etdik. Azərbaycan Respublikasının Vaşinqton şəhərində yerləşən səfirliyinə gedərək öz vətəndaşlıq borcumuzu yerinə yetirdik. Biz öz səsimizi layiqli namizədə verdik. İndi isə ölkədə başqa bir mühüm siyasi hadisə baş verir. Sentyabr ayında Vətənimiz Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək. Xoşbəxtik ki, parlament seçkiləri artıq suverenliyini tam bərpa etmiş Azərbaycanın bütün ərazilərini əhatə edəcək. Bizə bu qüruru yaşadan Ali Baş Komandana, Müzəffər Ordumuza, canlarını Vətən uğrunda qurban verən igid şəhidlərimizə, qazilərimizə ömür boyu borcluyuq”.

Minəvvər Vahabova qeyd edib ki, Azərbaycan Milli Məclisinə layiqli namizədlərin seçiləcəyinə əmindir:

“Prezident seçkisi kimi Milli Məclis seçkisinin də azad və demokratik formada keçiriləcəyinə əminik. Layiqli namizədlər seçicilərin səsini qazanıb Azərbaycan parlamentində təmsil olunacaqlar. Azad olunmuş ərazilərdən seçiləcək millət vəkillərinin məsuliyyəti isə daha çoxdur. Əminik ki, onlar öz missiyalarını layiqincə yerinə yetirəcəklər”.


Teqlər:





Xəbər lenti