AFAQ və “Şəhərdən Kəndə” layihələrilə qadın fermerlərə dəstək göstərilib - FOTOLAR

AFAQ və “Şəhərdən Kəndə” layihələrilə qadın fermerlərə dəstək göstərilib -    FOTOLAR
  12 Avqust 2024    Oxunub:921
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və “Şəhərdən Kəndə” layihələri çərçivəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın fermerlərə dəstək göstərilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Növbəti dəstək AFAQ layihəsi çərçivəsində İsmayıllı rayonunda kənd təsərrüfatı ilə məşğul olan 9 fermerə göstərilib. Topçu kəndində fəaliyyət göstərən qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib, qiymətləndirmə sorğuları aparılıb, həmçinin onlara fəaliyyət sahələrinə uyğun təlimlər keçirilib.

Qiymətləndirmə sorğularına əsasən, 8 fermerə ümumilikdə təsərrüfatlarının ehtiyacları üzrə 6 yemdoğrayan aparat, 1 ədəd süd çəkən aparat təqdim edilib. Eyni zamanda, qadınların quşçuluq istiqamətində birgə fəaliyyətinə dəstək olmaq məqsədilə onlara layihə çərçivəsində 1 ədəd inkubator təqdim edilib.

Layihə çərçivəsində İsmayıllı rayonunun Kürdmaşı kəndində Solmaz Bağırlının rəhbərlik etdiyi qadın qrupuna məxsus quşçuluq təsərrüfatında istehsal həcminin artırılmasına dəstək məqsədilə 96 kvadratmetrlik hin tikilib, təsərrüfat 30 ədəd su və 30 ədəd yemqabı ilə təmin olunub.

Bundan başqa, “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Sumağallı kəndində “Arzu” qadın qrupuna məxsus təsərrüfata baxış keçirilib. Fermerlərin fəaliyyətlərinin çoxşaxəli olması və kəndin turizm üçün əlverişliliyi nəzərə alınaraq təsərrüfatın aqroturizm potensialı dəyərləndirilib. Bu məqsədlə layihə çərçivəsində “Arzu” qadın qrupuna məxsus ərazidə mətbəx və söhbətgah, sanitar qovşağı tikilib, uşaq oyun meydançası salınıb, ehtiyac duyulan avadanlıqlar ilə təmin edilib.

Bu günədək AFAQ layihəsi çərçivəsində 568 fermerə kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərində təlimlər keçirilib. Ümumilikdə isə 25 region üzrə 266 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti