ABŞ kəşfiyyatçısı: "HƏMAS-ı tamamilə dağıtmaq çətindir"

      ABŞ kəşfiyyatçısı:    "HƏMAS-ı tamamilə dağıtmaq çətindir"
  15 Avqust 2024    Oxunub:1280
"Qəzza zolağında 10 aylıq müharibə ərzində İsrail Ordusu HƏMAS terror qruplaşmasını xeyli zəiflədib. Hazırda isə əməliyyatlar gözlənilən şəkildə nəticələnmir, yalnız mülki əhaliyə daha da zərər verir".
Bu sözləri "The New York Times" qəzetinə müsahibəsində ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Yaxın Şərqdə işləmiş keçmiş məmuru Ralf Qof bildirib.

"HƏMAS qruplaşması böyük ölçüdə zərərsizləşdirilib, amma tamamilə aradan qaldırılmayıb. Görünür ki, İsrail Silahlı Qüvvələri belə bir məqsədə yaxın gələcəkdə çata bilməyəcək", - sabiq kəşfiyyatçı vurğulayıb.

(ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Yaxın Şərq üzrə keçmiş məmuru Ralf Qof)

ABŞ Mərkəzi Komandanlığının keçmiş (2016-2019) komandiri Cozef Votel isə qəzetə açıqlamasında diqqətə çatdırıb ki, münaqişənin danışıqlar yolu həlli daha məqbuldur.

"İsrail HƏMAS-ı dağıda, bir çox lideri aradan götürə bilər, lakin öz vətəndaşlarının əsirlikdən xilası yalnız danışıqlar vasitəsilə mümkündür", - amerikalı hərbçi söyləyib.

(ABŞ Mərkəzi Komandanlığının keçmiş komandiri Cozef Votel)
Blinkendən Ankaraya: "HƏMAS-ı razı salın"

Maraqlıdır ki, ABŞ həm də İsrail-HƏMAS müharibəsinin həlli üzrə danışıqlarda vasitəçilərdən biridir. Məhz Vaşinqtonun səyi nəticəsində bu gün atəşkəs sazişi ilə bağlı növbəti sammitin keçirilməsi gözlənsə də, HƏMAS sammitə qatılmayacağını açıqlayıb.Terrorçular vasitəçi tərəflərdən "ABŞ Prezidenti Co Bayden və BMT Təhlükəsizlik Şurasının irəli sürdüyü atəşkəs planının həyata keçirilməsini" istəyirlər. ABŞ Dövlət katibi Antoni Blinken ötən günlərdə bu məsələ barədə Türkiyənin XİN rəhbəri Hakan Fidana zəng vuraraq, ondan "Ankaranın qruplaşmanı sammitdə iştiraka razı salmasını" eyhamlı şəkildə xahiş etmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   HƏMAS   münaqişə   danışıqlar  





Xəbər lenti