İSESCO-nun gənc sülh elçisi: “Gözümüzün önündə daha bir tarix yazılacaq”

   İSESCO-nun gənc sülh elçisi:    “Gözümüzün önündə daha bir tarix yazılacaq”
  15 Avqust 2024    Oxunub:1108
“İşğaldan azad olunmuş ərazilərdə Diaspor Gənclərinin V Yay Düşərgəsində iştirak etdim. Azərbaycanda olmaq, bu torpaqların müqəddəsliyini hiss etmək qürurlu anlar idi. Eyni zamanda, vətəndaşlarımızın öz dədə-baba yurdlarında səs vermələri də bizə, xaricdə yaşayan azərbaycanlılara fərəh hissi yaşadır”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Misirdə yaşayan azərbaycanlı diaspor fəalı, İSESCO-nun gənc sülh elçisi Sandi Salem Elnenay deyib.

O qeyd edib ki, ilk dəfə olaraq şuşalıların, digər azad edilmiş rayon və şəhərlərin sakinlərinin öz yurdlarında Milli Məclisə seçkilərdə səs vermələri tarixi hadisədir: “Məncə, bu sevinci Qarabağın azad olunan ərazisinin hər bir sakini yaşamaq arzusundadır. Azərbaycanın suverenliyinin tam bərpasından sonra ilk dəfə Milli Məclisə seçkilər keçirilməsi mənim üçün çox dəyərlidir. Biz Vətən müharibəsində necə birləşib bir yumruq olduqsa, həmrəyliyimizi nümayiş etdirdiksə, bu seçki prosesində də xalqımızın fəallığını görəcəyik. Çünki gözümüzün önündə daha bir tarix yazılacaq”.

Diaspor fəalı işğaldan azad olunmuş ərazilərə yenidən həyatın qayıtmasını da təqdir edib: “İnfrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yeni təhsil ocaqlarının təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Məncə qarşıdakı illərdə insanların öz yurdlarına tam şəkildə qayıtmasından sonra keçiriləcək digər seçkilər də indiki kimi böyük əhəmiyyətə malik olacaq”.
AzVision.az


Teqlər:





Xəbər lenti