Prezidentdən banklara ciddi irad: `Pul qazanmaq istəyirlər, ancaq..`

Prezidentdən banklara ciddi irad: `Pul qazanmaq istəyirlər, ancaq..`
  11 İyul 2014    Oxunub:997
`Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırmalıdır. Bizdə isə belə deyil. Bu sahəyə çox ciddi fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, bu vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün`.

Bu sözləri Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev deyib.

Dövlət başçısı vurğulayıb ki, banklar da öz məsuliyyətini dərk etməlidirlər: “Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?!

Ona görə, burada çox ciddi islahatlar aparılmalıdır. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm. Yenə də deyirəm, mən Azərbaycanın özəl sektorunun inkişafına çox böyük dəstək verirəm. Əgər belə olmasaydı bu gün bu qədər inkişaf olmazdı. Ancaq, eyni zamanda, özəl sektor da öz məsuliyyətini dərk etməlidir və ümumi işimizə töhfə verməlidir”.


Teqlər:  





Xəbər lenti