“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başa çatıb

“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başa çatıb
  19 Avqust 2024    Oxunub:364
Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün təşkil olunan “Ənənə” yay düşərgəsi başa çatıb. Düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı və “Bakcell”in baş sponsorluğu ilə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az -a verilən məlumata görə, 18-22 yaş aralığında 50 nəfərədək şəhid övladının qatıldığı düşərgənin əsas məqsədi vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Düşərgə zamanı Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev ilə görüş keçirilib. “⁠Gamecraft Teambuilding” tərəfindən maraqlı komanda oyunları təşkil olunub.

Düşərgə boyu, həmçinin yaddaqalan ekskursiyalar gerçəkləşib. Azərbaycanın ən gözəl təbiət muzeyi sayılan Göygöl və Maralgöl ziyarət olunub, ardınca yeraltı şəhərə, keçmiş Alman Lüteran kilsəsinin binasında yerləşən Göygöl Tarix Diyarşünaslıq muzeyinə və Viktor Klaynın ev-muzeyinə baş çəkilib.

Şəhid Aynur Poladovun oğlu Xəyal Poladovun və şəhid Azad Abbasovun qızı Zəhra Abbasovanın doğum günləri qeyd edilib. Bağlanış mərasimindən sonra düşərgə iştirakçıları Bakıya qayıdıblar.

Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir. Düşərgənin baş sponsoru “Bakcell”, media dəstəyi ASAN TV və ASAN Radiodur.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti