Kiyev Kurska hücum niyyətini Qərbdən gizlədib?

   Kiyev Kurska hücum niyyətini    Qərbdən gizlədib?
  19 Avqust 2024    Oxunub:416
Ukrayna hərbi bölmələrinin Rusiyanın Kursk vilayətinə müdaxiləsi ərəfəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin istefaya göndərilməsi planlaşdırılırdı.
Böyük Britaniyanın “The Economist” qəzetinin yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin hazırkı Baş komandanı “sələfi Valeri Zalujnının qeyri-ideal irsi ilə” mübarizə aparmalı oldu. Halbuki, Ukrayna ordusunun komandanlığının “səfərbərliklə bağlı siyasət məsələsində Vladimir Zelenski ilə razılaşa bilməməsi” işçi qüvvəsinin əhəmiyyətli dərəcədə çatışmazlığı reallığını yaratmışdı.

Mənbələrdən birinin “silyasətdə yox, müharibədə bacarıqlı olan” şəxs kimi qiymətləndirdiyi Aleksandr Sırskinin bu hücum ssenarilərini nəzərdən keçirdiyi bildirilir: Bryansk vilayətinə hücum, Kursk vilayətinə hücum, iki hücumun kombinasiyası və daha çox hücumlar.

“Hücumun əsas məqsədi Donbassdakı rusların diqqətini yayındırmaq və gələcək danışıqlar üçün mövqeləri gücləndirmək olub. Sırski gizli saxladığını planlarını yalnız generallardan və təhlükəsizlik işçilərindən ibarət kiçik bir qrupla bölüşürdü. Bu barədə Zelenski ilə tet-a-tet müzakirələri Qərargahın iştirakı olmadan aparıb. Baş Kəşfiyyat idarəsi əməliyyata son mərhələdə qoşulub və bütün məlumatlar məhz ordu kəşfiyyatı tərəfindən toplanıb. Kiyev əməliyyatın bütün təfərrüatlarını bilərəkdən Qərbdən gizlədib, çünki Sırskinin onunla işləmək təcrübəsi mənfi nəticələr verib: bir əməliyyatın ləğvi barədə göstəriş alıb, ikincidən isə Rusiya xəbər tutub”, - qəzet vurğulayır.

Nəşr ona sızdırılan məlumata istinadən iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Rusiya ərazisinə hücum planını öz döyüşçülərindən də gizlədib. Buna görə də hücumun hədəfindən xəbər tutandan sonra bunun bir növ pis zarafat olduğunu düşünən sıravi hərbçilər “komandirlərinə inanmayıblar”.

Avqustun 8-də Rusiya ordusu ilə uğursuz döyüşlər fonunda Sırskinin komandasında parçalanma yarandığı bildirilir. Tabeliyində olanların Sırskinin tükətmə döyüşləri aparmaq qabiliyyətini şübhə altına aldıqları deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbələr prezident Volodimir Zelenskinin Kursk vilayətinə müdaxilə çərçivəsində maksimum irəliləyişə nail olmağa çalışdığını iddia edirlər. Lakin ehtiyatlı davranan Aleksandr Sırski müdafiə xətləri yaratmaq üçün cinahların genişləndirilməsinə diqqət yetirir.

“Sırski axmaq deyil, o, irəli sıçrayışın bütün əməliyyatı təhlükə altına alacağını bilir”, - generalın etibarlı adamlarından biri vurğulayıb.

Hazırda 10-20 min əsgərdən ibarət genişlənmiş Ukrayna kontingenti Kursk vilayətinin Sudja şəhərinin şimal-qərbində cəmləşib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumunun ilk dəqiqlərəindən kollektiv Qərb, ilk növbədə isə ABŞ bununla bağlı onlarda heç bir məlumat olmadığını bəyan etdilər. Yalnız 1-2 gündən sonra konkret məlumatlar aldıqlarını bildirərək, öz ərazilərinin işğalının qarşısını almaq və suverenliyini qorumaq üçün Ukraynanın bu hücuma tam haqqı çatdığını söyləməyə başladılar.

Lakin Ukraynanın onlardan xəbərsiz Rusiyaya hücuma keçdiyini iddia edən kollektiv Qərb Kiyevin bu qərarı müstəqil şəkildə verdiyini israrla vurğulayır. Bu isə, Ukraynanı Rusiya ilə ölüm-dirim müharibəsinə sürükləyən Qərbin bütün tökülən qanlara və Moskvanın mümkün sərt cavabına görə məsuliyyəti döyüş meydaında bir-birini məhv edən iki slavyan xalqının üzərinə qoyması deməkdir.

Amma istər Moskva, istərsə də mövcud reallığı adekvat şəkildə qiymətləndirməyi bacaran bir sıra qərbli ekspertlər Vaşinqtonun və onun əlaltılarının Kiyevin müstəqil qərar verməsi barədə bəyanatlarını açıq-aşkar cəfəngiyyat adlandırırlar. Kursk vilayətində gedən döyüşlərdə ukraynalı hərçilərin hücumdan əvvəl hansı ölkədə təlimlər keçdikləri barədə verdikləri açıqlamalar da bunu sübut edir.

Digər tərəfdən, hətta ukraynalıların heç də ruslardan az döyüşkən olmadığı nəzərə alınsa belə, Qərbin hərbi-texniki və kəşfiyyat dəstəyi, habelə xeyir-duası olmadan onların belə hücum hazırlayıb həyata keçirməsi inandırıcı görünmür. Yeri gəlmişkən, ötən ilin yayında Ukraynanın öz ərazisində həyata keçirdiyi əks-hücum da məhz Qərbin təkidi ilə baş tutmuşdu. Maraqlıdır ki, bütün belə hadisələrdə əvvəlcə hər şeydən xəbərsiz olduğunu iddia edən Qərb sonradan onların təşkilində özünün oynadığı rolu tədricən açıqlamağa başlayır.

Hillari Klinton Baydenə görə Kiyevi hücuma keçməyə çağırıb - VİDEO
Kiyevin Rusiyanın Kursk vilayətinə hücuma sövq edilməsinin isə bir neçə səbəbi var ki, bunlardan da biri və bəlkə də birincisi noyabrın 4-də ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində demokratların namizədi Kamala Harrisə dəstəyin təşkil olunmasıdır. Belə ki, Kursk vilayətinə hücum “Rusiya ilə döyüşmək zorunda olan Ukraynaya demokratlar administrasiyasının hərtərəfli dəstəyinin” düzgün qərar olduğunu sübuta yetirməlidir. Bu isə son nəticədə Kiyevə yardım məsələsində fərqli mövqe tutan Donald Trampın hakimiyyətə qayıtmaq cəhdlərini fiaskoya uğratmalıdır. Bu xüsusda, hələ iyulun əvvəllərində ABŞ-nin keçmiş Dövlət katibi Hillari Klintonun rusiyalı prankerlərlə telefon danışığında Co Baydenin preizdent seçkilərində qalib gəlməsi naminə Ukraynanı cəbhədə hücuma keçməyə çağırıdğını xatırlatmaq yerinə düşür.

ABŞ-nin və onun əlaltılarının mənafelərinin qorunması üçün neçə-neçə günahsız insanın qanlı toqquşmaların qurbanı olacağı isə kollektiv Qərbi maraqlandırmır. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsi heç də ilk və yeganə nümunə deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Sırski   Qərb  





Xəbər lenti