Seçkiləri rekord sayda QHT müşahidəçiləri izləyəcək

 Seçkiləri rekord sayda QHT müşahidəçiləri izləyəcək
  21 Avqust 2024    Oxunub:1244
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5100 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib ki, bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir.
“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu rəqəm qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.

Bu il QHT-lər Milli Məclisə seçkiləri monitorinq etmək üçün 2 seçki koalisiyası təsis edib. Onlardan biri “Mənim səsim” Seçki Monitorinq Koalisiyasıdır. Bu Koalisiyanın həmtəsisçiləri tanınmış hüquq müdafiəçiləri - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlıdır.

“Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasını isə nüfuzlu QHT rəhbərləri - “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli təsis edib.

Seçki günü məntəqələrdə müşahidə aparacaq QHT təmsilçilərindən 20%-i bu 2 seçki koalisiyasının nümayəndələri olacaq. Koalisiyaların mediada verdikləri açıqlamalardan görünür ki, onların hər biri 500 nəfərdən çox seçki müşahidəçisi ilə prosesi izləyəcək.

Digər maraqlı məqam hər iki Koalisiyanın ayrı-ayrılıqda seçki dairələrinin 50%-dən çoxunda təmsil olunacaqları ilə əlaqədar açıqladıqları məlumatlardır. Beynəlxalq təcrübəyə görə, seçki dairələrinin yarıdan çoxunda müşahidə aparmış qurumların rəyləri daha etibarlı sayılır.

Koalisiyalarda birləşmədən seçkiləri müşahidə edəcək QHT-lər də var. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından verilən məlumata görə, təşkilat 700 nəfərə yaxın ümumrespublika müşahidəçi ilə seçki günü müşahidə apacaq.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı isə ümumilikdə 1500 nəfərlik ümumrespublika müşahidəçisi ilə təmsil olunur.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyindən verilən məlumata görə, bu təşkilat 100 nəfər ümumrespublika müşahidəçisi ilə prosesi izləyəcək.

QHT-lərin açıqlamalarından görünür ki, bu il onların hər biri işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrində də müşahidəçiliyi təmin edəcək.
AzVision.az



Teqlər:





Xəbər lenti