Avqustun 22-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddəki Forumlar Sarayında hər iki sənətkara fəxri adların təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, iki qardaş ölkənin tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli Fərrux Zakirovun təltif edilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamını oxuyub.
Özbəkistan Prezidenti Administrasiyasının nümayəndəsi isə Polad Bülbüloğlunun təltif olunması haqqında Prezident Şavkat Mirziyoyevin Sərəncamını diqqətə çatdırıb.
Sonra fəxri adların nişan və vəsiqələri sahiblərinə təqdim olunub.
Mükafatlandırılan sənətçilər çıxış edərək yaradıcılıqlarına verilən yüksək qiymətə görə qardaş ölkələrin rəhbərlərinə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkilləri çəkdirilib.
AzVision.az