Vətən müharibəsi veteranı: “30 il sonra arzumuz çin oldu”

   Vətən müharibəsi veteranı:    “30 il sonra arzumuz çin oldu”
  28 Avqust 2024    Oxunub:626
"Ölkəmiz mühüm siyasi hadisə ərəfəsindədir. Bir neçə gündən sonra keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi hazırda uğurla davam edir. Budəfəki parlament seçkiləri əvvəlki illərdə keçirilən seçkilərdən fərqli əhvali-ruhiyyədə keçirilir. Bu seçki müstəqilliyin bərpasından sonra bütün ölkə ərazisində keçirilən ilk parlament seçkisi kimi tarixə yazılacaq”.
Bu fikirləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında İkinci Qarabağ müharibəsi veteranı, jurnalist Anar Miriyev bildirib.

Onun sözlərinə görə, bu gün ölkəmizin hər bir vətəndaşı parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsi, qalib ölkənin vətəndaşları kimi səsvermədə iştirak etmələri ilə fəxr edirlər: “Xankəndidə, Zəngilanda, Xocalıda, Füzulidə, Kəlbəcərdə, Laçında və azad olunan digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanmasını, həmin ərazilərdə müxtəlif tədbirlərin, o cümlədən seçkilərin keçirilməsini 30 il arzuladıq. 30 il sonra arzumuz çin oldu”.

Müharibə veteran olan jurnalist onu da bildirib ki, mediamız bu prosesdə üzərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirir: “İstər çap mediasının, istərsə də onlayn media subyektlərinin seçki prosesini sərbəst şəkildə işıqlandırması üçün hər cür şərait yaradılıb. Heç bir məhdudiyyət yoxdur. Mediamız seçki qanunvericiliyinə uyğun olaraq prosesdə aktiv iştirak edir. Qalib ölkənin vətəndaşları olaraq səsimizlə dövlətimizin daha parlaq gələcəyinə səs verəcəyik”.
AzVision.az



Teqlər:





Xəbər lenti