Qurban Qurbanov: "Futbolçularım çətin olanı bacardılar"

   Qurban Qurbanov:    "Futbolçularım çətin olanı bacardılar"
  28 Avqust 2024    Oxunub:1589
"Əfsuslar olsun ki, məğlub olduq. Futbolçularımız həm səfərdə, həm evdə çox əziyyət çəkdilər. Azarkeşlərimizə də bizi son ana kimi dəstəklədiklərinə görə minnətdaram".
AzVision.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın "Dinamo" klubuna 0:2 hesabı ilə məğlub olduqları cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssisin sözlərinə görə, müdafiəsi bu dərəcə güclü olan komandaya qarşı çoxlu qol epizodları yarada bilmək olduqca çətindir:

"Futbolçularım çətin olanı bacardılar. Bəzi insanlarda elə fikir formalaşıb ki, komandamızda yorğunluq var. Bir çoxları məğlubiyyəti bununla əlaqələndirirlər. Amma bu, tamamilə yanlış yanaşmadır".

Qurbanov komandanın fiziki hazırlığının yerində olduğunu deyib. O, daha da möhkəm olub, qarşıdakı matçlara hazırlaşmalı olduqlarını sözlərinə əlavə edib.

"Futbolçularla paltardəyişmə otağında söhbətləşəndə onların məyus olduğunu gördüm. Amma dayanmaq olmaz. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Bu gün bir daha anladıq ki, belə güclü kollektivlərə qarşı olduqca diqqətli olmalıyıq”. Bu komanda sağlam əllərdədir. Burada hamı öz məsuliyyətini çox yaxşı dərk edir. Azarkeşlər bizə inandılar. Bu gün də dəstəklərini hiss etdirdilər. Hər zaman yanımızda olduqlarını göstərdilər. Bu da bizə daha da motivasiya verir. Belə olan halda bu gün məğlubiyyətlə üzləşsək də, sabah bizi qalibiyyətlər gözləyir", – Q.Qurbanov bildirib.

İlk görüşdə də 3:0 hesabı ilə qalib gələn xorvatiyalılar turnirin liqa mərhələsinə vəsiqə qazanıblar. "Qarabağ" isə yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək.

AzVision.az


Teqlər: idman   futbol   Qarabağ  





Xəbər lenti