Geoloji kəşfiyyat qazma gəmisi əsaslı təmir edilib

Geoloji kəşfiyyat qazma gəmisi əsaslı təmir edilib
  29 Avqust 2024    Oxunub:906
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib.
ASCO-dan verilən məlumata görə, tərsanə təmiri zamanı gəminin gövdəsinin sualtı, suüstü hissələri tam olaraq abraziv qumla təmizlənib, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində, daxili bölmələrdə zədələnmiş sahələr dəyişdirilib və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.

Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb, uğurla başa çatan sınaqdan sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Məlumata görə, təmir müddətində gəminin baş mühərriki, braşpil və şpil qurğuları, su-yağ soyuducuları, müxtəlif ölçüdə boru sistemləri, köməkçi sükan qurğularının elektrik mühərrikləri təmir olunub, 3 ədəd yeni dizel-generator, 1 ədəd hava kompressoru və yağ seperatoru quraşdırılıb, xilasedici qayığın kran-balkasının sınaq işləri aparılıb, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma, gəmi üzrə işıqlandırma sistemləri təmir edilib.

İşçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqları, istirahət otağı və kayutlarda lazımi işlər görülüb, geoloji kəşfiyyat işçiləri üçün yeni konteyner hazırlanaraq quraşdırılıb.

Qeyd edək ki, “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi dənizdə 150 metr dərinlikdə kəşfiyat işlərinin aparılması, dənizin dibindən suxurlardan nümunələr götürülməsi kimi işlərdə istismar olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti