DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  29 Avqust 2024    Oxunub:976
Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-dən AzVision.az -a bildirilib ki, mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimlərdə çıxış edənlər gənc əsgərlərə sərhədçi peşəsini dərindən mənimsəməyi, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmağı, komandir-rəis heyətinin əmr və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirməyi tövsiyə ediblər. Çıxışlarda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdikləri vurğulanıb.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb. Tədbirdə Vətənə sədaqət andı içərək ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Azərbaycan sərhədlərini şərəflə qorumaq məsuliy¬yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.

Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə andiçmə mərasimləri başa çatıb. Andiçmə mərasimləri başa çatdıqdan sonra valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti