İqbal Məmmədovun “Relax”ı əl dəyişdirir?

   İqbal Məmmədovun “Relax”ı əl dəyişdirir?
  30 Avqust 2024    Oxunub:869
Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədova məxsus olan “Relax” İstirahət Mərkəzinin əl dəyişdirəcəyi deyilir.
AzVision.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yay mövsümü bitdikdən sonra Lerikdə yerləşən “Relax”ın fəaliyyəti yeni yaradılcaq törəmə şirkəti tərəfindən qurulacaq. Şirkətin qanuni təmsilçisi və baş direktoru dəyişəcək. Hazırda müəssisədə təhvil-təslim işlərinin aparılması üçün proseslər gedir.

İqbal Məmmədov bu ilin sentyabrın 1-də keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının siyahısından kənarda saxlanılıb. Deputatlığı müddətində İqbal Məmmədovun adı müxtəlif qalmaqallarda hallanıb. Onunla bağlı ən qalmaqallı xəbər ləğv edilən Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının “Relax”da operativ vergi nəzarəti tədbirləri keçirmək istəyərkən onun oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları tərəfindən döyülmələri olub.

Daha bir qalmaqallı xəbər isə “Relax”da çayçı işləyən Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyitinin işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar edilməsi olub.

2017-ci ildə sabiq deputata məxsus “Lerik Broyler” MMC-də baş verən partlayış nəticəsində Vüqar Abbasov adlı şəxs ölüb, xeyli sayda insan yaralanıb. İqbal Məmmədov bir milyon manat dəyəri olan mənzillərinin əlindən alınması, həmçinin müxtəlif fotolarla şantaj edilməsi ilə də gündəmə gəlib.

Hazırda İqbal Məmmədovun qeyri-rəsmi sahibi olduğu şirkətlərin dövlətə milyonlarla vergi borcu var. Onun qardaşı və qohumlarının rəhbərlik etdiyi şirkətlərin vergi borcu 10 milyon manatdan çoxdur. Belə ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin 9.393.819,13 manat, “Lerik Broyler” MMC-nin 22.560,79 manat, həmçinin digər şirkətlərinin də külli miqdarda vergi borcu var.

AzVision.az



Teqlər:





Xəbər lenti