MDB PA-nın beynəlxalq müşahidəçilər qrupu açıqlama verib

   MDB PA-nın beynəlxalq müşahidəçilər qrupu açıqlama verib
  01 Sentyabr 2024    Oxunub:1251
Sentyabrın 1-də saat 08:00-da Bakı şəhərindəki 1 saylı seçki məntəqəsinin açılması zamanı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatorunun iştirakı ilə mətbuata açıqlama verilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədə digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Məntəqə lazımi əyani vəsaitlərlə təmin olunub, burada səs verən seçicilərin siyahısı tərtib edilib. 18 yaşına çatmış və səsvermə hüququna malik vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər.

Seçicilərin öz iradələrini azad və müstəqil ifadə etmələri üçün lazımi şərait yaradılıb. MDB PA-nın monitorinq qrupunun koordinatoru, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və MDB PA Şurasının baş katibi Dmitri Kobitski Abbasqulu Ağa Bakıxanov prospekti 3 ünvanındakı Paşa Nəzərov adına orta məktəbdə yerləşən 17 saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsində müşahidəyə başlayıblar.

Məntəqənin açılmasından sonra onların iştirakı ilə mətbuata yanaşma təşkil olunub. Bu gün Bakıdakı 1 saylı seçki məntəqəsindən bir seçicinin 18 yaşı tamam olur və bununla əlaqədar MSK onun üçün xatirə hədiyyəsi hazırlayıb. Səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.

MDB PA monitorinq qrupunun koordinatoru Azərbaycanda keçirilən parlament seçkiləri zamanı seçki məntəqələrində səsvermə prosesinin yüksək səviyyədə təşkilini qeyd edib: “Mən seçki məntəqələrində səsvermənin təşkilini qeyd etmək istərdim. Məntəqənin bütün aspektləri yüksək səviyyədə hazırlanıb. Bunu həm əyani materiallardan, həm də öz müşahidəçilərinin namizədliyini irəli sürmüş siyasi təşkilatların nümayəndələri ilə ünsiyyətdə olanda görmək olar”.

Yatskinin sözlərinə görə, məntəqənin açılmasını müşahidə etdiyi ərazidə bütün lazımi şərait də yaxşı təşkil olunub. O əlavə edib: “Artıq səhər saatlarından insanlar həvəslə, fəal həyat mövqeyi ilə bugünkü seçkilərə səs verməyə hazırlaşırlar. Hesab edirəm ki, seçkilər Azərbaycan xalqının öz seçimini etmək üzrə ümumi ruhunu nümayiş etdirəcək”.

Andrey Yatskin Azərbaycan ilə Rusiya arasında parlamentlərarası səviyyədə əməkdaşlıq barədə sualı cavablandırarkən deyib: “Bilirsiniz ki, parlamentlərarası əməkdaşlıq liderlərimizin müəyyən etdikləri gündəm əsasında həyata keçirilir. Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət başçıları İlham Əliyev və Vladimir Putinin görüşündə əməkdaşlığın bir çox istiqamətləri müəyyən edilib; kənd təsərrüfatı sahəsi, mədəniyyət, təbiətin mühafizəsi tarixi, Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması. Bütün bu məsələlər Rusiya Federasiyası və Azərbaycan parlamentlərarası komissiyası çərçivəsində də müzakirə olunur. Komissiyanın son iclası iyun ayında Moskvada keçirilib, növbəti iclas isə Bakıda olacaq. Biz bunu strateji müttəfiqlər arasında çox fəal və səmərəli əməkdaşlıq kimi qiymətləndirə bilərik. Onlar buraya öz səlahiyyətlərini yerinə yetirmək üçün gəliblər. Mərkəzi Seçki Komissiyasında, Konstitusiya Məhkəməsinin sədri ilə, eləcə də Xarici İşlər Nazirliyində çoxlu görüşlərimiz oldu. Seçki məntəqələrində də olduq. Bizim vəzifəmiz Azərbaycan parlamentinə seçkilərin müşahidəsi ilə bağlı yekun rəy hazırlamaq və müvafiq nəticələrin çıxarılması üçün onu milli orqana təqdim etməkdir”, - deyə Andrey Yatskin fikirlərini yekunlaşdırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti