Hidayət yolunun 80-ci dayanacağı

   Hidayət yolunun 80-ci dayanacağı
  08 Sentyabr 2024    Oxunub:340
Ötən əsrin əvvəllərində belə bir ifadə vardı: Böyük ideallara çatmaq üçün qan yaddaşına qayıtmaq və soykökünü dərk etmək lazımdır. Mən yazıçı, şair, dramaturq, dövlət xadimi Hidayət Orucovdan danışmaq istəyirəm.
2023-cü ildə film nümayişi ilə əlaqədar Qırğızıstana getmişdim. O vaxt Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov idi. Həmin ərəfədə Hidayət müəllim işlə bağlı Bakıya çağırıldığından, görüşümüz 9 il təxirə salındı. “Real TV”-nin “Profil” layihəsinin çəkilişlərinə qədər.

Mən Hidayət Orucovdan iki dəfə müsahibə almışam. Birinci müsahibədə proqramın vaxt imkanları səbəbindən bütün suallarımın cavablarını təqdim edə bilməmişdim. 2023-cü ildə Hidayət müəllimlə onun 79 yaşı ərəfəsində söhbət etdik və iki seriyalı ‘’Profil’’ hazırladım.
Mənim ‘’Profil’’ layihəm 6 ilə yaxındır yayımlanır. Bir neçə buraxılış var ki, onlara xüsusi önəm verirəm. Onlarda da biri Hidayət Orucovla olan söhbətimdir.

“Hidayət Orucov” adı məndə bir neçə assosiasiya yaradır. Hidayət Orucov ilk növbədə Qərbi Azərbaycanın 100 ilə yaxın dövrünün tarixidir. Hidayət Orucov Qərbi Azərbaycanın Azərbaycana məxsusluğunun rəmzlərindən biridir. “Hidayət Orucov” adı qədim Azərbaycan xəzinəsi olan İrəvan şəhərinin ekvivalentidir. Hidayət Orucov bir müddət çalışdığı ‘’Sovet Ermənistanı’’ qəzetində, 16 il rəhbərlik etdiyi İrəvan Dövlət Azərbaycan Dram teatrında bütün şovinist təzyiqlərə baxmayaraq milli kimliyi qoruyub saxlamağa müvəffəq oldu. İrəvan Dövlət Dram teatrına ikinci nəfəs verib, onun bərpasını mükəmməl yanaşma və milli düşüncə ilə həyata keçirib. Amma bu, heç də asan başa gəlmirdi. Hidayət Orucov qatı və şovinist, saxtakar erməni ideoloqlarının təpkisinə qarşı dayanan, mübarizə aparan, bəzən bu mübarizədə təklənən ziyalılarımızdandır.

Bu gün biz Qərbi Azərbaycana qayıdış konsepsiyasından danışırıqsa, həmin illəri mütləq yada salmalıyıq. Biz o bazanın – Hidayət Orucov və həmfikirlərinin vaxtilə Qərbi Azərbaycanda mübarizə apardıqları xəttin üzərində yeni mübarizəmizi formalaşdırırıq. Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırlanan dəqiq konsepsiya var. Bu mübarizənin kökləri ötən əsrin 60-cı illərinə gedib çıxır. Özü də elə Qərbi Azərbaycanda. Erməni millətçilərinin hətta sovet hakimiyyətini belə devirməyə çalışdıqları vaxtda Hidayət Orucov öz imkanları hesabına Qərbi Azərbaycanda ədalətin bərpasına çalışırdı. Axı həqiqət bir idi – bu torpaqlar zorla Azərbaycandan qoparılaraq, Ermənistana birləşdirilib, daha doğrusu, qondarma Ermənistan yaradılıb. Hidayət Orucov erməni millətçilərinin üzərinə gedirdi - əliyalın, təkbaşına. Fərqi yoxdur İrəvanda, Bakıda - gedirdi. ‘’İrəvanda xal qalmadı’’ - milli folklorumuzdan süzülüb gələn bu misra Hidayət Orucovun mübarizəsində əsas şüarlardan birinə çevrilmişdi. Mənə elə gəlir ki, əslində pyesdəki Sultan Oğuz obrazı Hidayət müəllimin özüdür. Nəzərə alaq ki, Hidayət Orucov 1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı başlatdığı sonuncu etnik təmizləmə siyasəti zamanı Ermənistan SSR tərəfindən ona verilmiş addan imtina edib. Biz bu cür hallara tarixdə çox nadir rast gəlirik. Özü də həmin pyeslər İrəvanın mərkəzində İrəvan Dövlət Dram teatrında tamaşaya qoyulurdu.

Hidayət Orucovun qələmi əsl vətəndaş silahdır. Hər kəs əlinə qələm ala, yazdığı əsər məşhur ola bilər. Hər kəs hisslərini kağıza köçürməkdə azaddır. Amma çox nadir insanlarda qələmlə vətəndaşlıq mövqeyi tamlıq təşkil edə bilir.

Hidayət Orucov şair, dramaturq, publisist olmaqla yanaşı, həm də ictimai-siyasi xadimdir. O, məmur obrazını bürokratik, məhdud yanaşma imkanlarından azad etdi, yeni düşündə tərzi formalaşdırdı. Buna bütün bəşəri dəyərlərə sahib olan yaradıcı insanın dövlətçilik, milli təəssübkeşlik və əsl vətəndaşlıq mövqeyi deyirlər. Hidayət Orucov üçün millik identifikasiya hər zaman üstünlük təşkil edib. Məsələn, ‘’Bu dünyanın adamları’’ pyesini yazanda hələ sovet hakimiyyəti mövcud idi. Söhbət ötən əsrin 70-ci illərindən gedir. Bu əsər yazılanda hələ meydan hərəkatı başlamamışdı, sovet qoşunları Bakıya daxil olmamışdı. Hamı Sovet cəmiyyətinin ideal obrazından danışırdı. Amma Hidayət Orucov “hamı”ya aid deyildi. Onun yanaşmasında millik kimlik, azad ölkə meyilləri güclü idi. Məhz həmin illərdə Dövlət Təhlükəslzlik Komitəsi bu pyesi nəzarətə götürür. Şübhəsiz ki, belə bir əsərin meydana çıxması sovet təbliğat maşınına ideoloji cəhətdən müəyyən problemlər yarada bilərdi. Amma Hidayət Orucov bu addımı cəsarətlə atmışdı. Əsl qələm sahibi oxucularını sağlam və həqiqi gələcəyə aparmağı bacarmalıdır. Hidayət Orucov bunu etdi.

Bayaq qeyd etdiyim kimi, Hidayət Orucov bütöv Azərbaycan nəslinin yetişməsində müstəsna xidmətləri olmuş şəxsiyyətlərdən, qələm sahiblərindəndir. Bundan başqa, uzun illər hər bir ölkə üçün həssas sahələrdən olan milli azlıqlar və dini məsələlər siyasətinə cavabdehlik daşıyan şəxslərdən olub. Bu heç də asan iş deyil. Nəzər alaq ki, Azərbaycan çoxmillətli, multikonfessional ölkədir və bunların hamısı xalının naxışlarına bənzəyir. Hidayət Orucov o naxışları ilmə-ilmə qorumağa müvəffəq oldu. Daha sonra on ilə yaxın diplomatik fəaliyyət dövrü gəldi. Əslində bütün bunları birləşdirən sadəcə bir ad var: Hidayət yolu. 80 illik ömrün hər bir anı bu yolun enişi-yoxuşudur. Amma o, tam və bütövdür. Qərbi Azərbaycandan başlayan bu yol bizi ora qaytaran millik kimlik və qədim tarix yolumuzun təməllərindən biridir. Bu yolun hər dayanacağı Azərbaycan tarixidir. Qərbi Azərbaycana doğru uzanan Hidayət yolunun 80-ci dayanacağı mübarək olsun!

Kamran Qasımov
Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü,
Real Televiziyasının xüsusi müxbiri



Teqlər: Hidayət-Orucov  





Xəbər lenti