36 işçinin maaşını mənimsədilər

   36 işçinin maaşını mənimsədilər
  09 Sentyabr 2024    Oxunub:256
“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Təcili və Təxirəsalınmaz Yardım Avtoparkı bölməsinin rəisi vəzifəsində işləmiş şəxslər - Hüseynov Vidadi Qaçay oğlu və Hüseynov Vüsal Vidadi oğlu, habelə həmin bölmənin dispetçeri Abdullayev Məhəbbət Əliş oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, istintaqla Vidadi Hüseynovun Məhəbbət Abdullayevlə əlbir olaraq özlərində saxladıqları faktiki işə gəlməyən 36 nəfər işçiyə aid əməkhaqqı kartına köçürülmüş pul vəsaitini nağdlaşdırıb mənimsəmələrinə, eləcə də təqaüdə çıxdıqdan sonra tutduğu vəzifəyə təyin olunan Vüsal Hüseynovla birgə qanunsuz əməllərin davam etdirilməsini təşkil edərək, nasaz vəziyyətdə olan avtomobillərə normadan artıq yanacağın sərf edilməsi barədə rəsmi sənədləri saxtalaşdırmasına, sadalanan qanunsuz yollarla əldə etdiyi ümumilikdə 1,1 milyon manatdan artıq pul vəsaitinin bir hissəsini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və digər sübutlar aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Vidadi Hüseynov, Vüsal Hüseynov və Məhəbbət Abdullayev Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.3.2, 32.3,179.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və bu cinayəti təşkil etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2, 32.3,308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayəti təşkil etmə), 313 və 32.3,313-cü (vəzifə saxtakarlığı və bu cinayəti təşkil etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti