Dövlət məktəblərində şagirdlərdən hansısa məqsəd üçün pul yığıla bilərmi?
Hələ 5 il öncə Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılacaq.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, dövlət orta ümumtəhsil məktəblərində cari və ya əsaslı təmir işləri üçün şagirdlərdən pul yığılması qanunvericiliyə ziddir:
"Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə görə, dövlət məktəblərində təhsil pulsuzdur və dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən (Maddə 42), hər bir vətəndaşın pulsuz orta təhsil almaq hüququ var. Eyni zamanda, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa (Maddə 13) görə, dövlət təhsil müəssisələrində təhsil alan şagirdlərdən təhsil haqqı və ya digər ödənişlər tələb edilə bilməz. Məktəbin təmiri və digər texniki təminat məsələləri Elm və Təhsil Nazirliyi və yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilməli və maliyyələşdirilməlidir. Elm və Təhsil Nazirliyi, digər dövlət qurumları məktəbin təmirinə dair ehtiyacları müəyyən edir və bu işlər üçün dövlət büdcəsindən vəsait ayrılır.
Dünya təcrübəsinə gəldikdə, bir çox ölkələrdə dövlət məktəblərində təhsil pulsuzdur və məktəbin maliyyə xərcləri dövlət büdcəsindən qarşılanır. Məsələn, Avropa ölkələrinin əksəriyyətində, ABŞ-də və Kanadada dövlət məktəblərində təhsil tamamilə pulsuzdur və məktəbin təmiri, texniki avadanlıqların təminatı və digər xərclər dövlət tərəfindən qarşılanır.
Bununla belə, bəzi ölkələrdə valideyn komitələri müəyyən könüllü ianələr toplaya bilərlər, lakin bu, məcburi deyil və valideynlərin razılığına əsaslanır. Azərbaycanda isə belə bir rəsmi fondlar məktəblərdə yoxdur. Nə kağız pulu, nə printer, nə zibil pulu, nə fond, nə də təmir pulu yığıla bilməz.
Yekun olaraq, dövlət məktəblərində təmir və ya digər məqsədlər üçün şagirdlərdən pul yığılması qanuna ziddir və belə hallar aşkar edildiyi təqdirdə hüquqi məsuliyyətə səbəb ola bilər".
Həmidə İbrahimova
AzVision.az
Teqlər: