X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu başa çatıb

X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu başa çatıb
  14 Sentyabr 2024    Oxunub:335
Sentyabrın 13-də “XXI əsrin mədəniyyəti: suverenlik, yoxsa qlobalizm?” mövzusuna həsr olunan X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu başa çatıb.
Bu barədə AzVision.az-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, forumun Rusiyanın TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə gerçəkləşən yekun panel müzakirələrində mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova çıxışında bildirib ki, Sankt-Peterburq Birləşmiş Mədəniyyətlər Forumu onlarla ölkədən nümayəndələri bir araya gətirən mühüm mədəni hadisəyə çevrilib. “Foruma qatılan insanları ənənəvi dəyərlərə əsaslanan inkişaf və əməkdaşlıq arzusu birləşdirir. Bu beynəlxalq tədbir mədəniyyətlərarası mübadilə və qlobal problemlərlə bağlı məsələlərin müzakirəsi üçün əhəmiyyətli platformadır. Forumun bütün iştirakçılarına minnətdarlığımı bildirirəm”.
Bağlanış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da forumun əhəmiyyətini yüksək qiymətləndirib. Səfir tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin səmərəli görüşlər keçirdiyini diqqətə çatdırıb. Səfir çıxışında MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DAHƏF) fəaliyyətinin genişləndirilməsini və müxtəlif ölkələrdən nümayəndələrin assosiasiyaya dəvət olunmasını təklif edib.
Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Polad Bülbüloğlunun təklifini dəstəklədiklərini bildirib. O, diplomata Azərbaycanın Rusiyadakı səfiri kimi diqqətəlayiq işlərinə görə təşəkkür edib və Azərbaycan Milli Məclisinin deputatı kimi yeni fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, sentyabrın 14-də forum çərçivəsində Ermitaj Mükafatının ikinci təqdimatı olacaq. Sankt-Peterburq Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilən mükafat Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə verilir. Builki mükafatçılardan biri Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Xalq artist Polad Bülbüloğludur.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti