"Süni" saxtakarlıq: Artıq gördüyünüzə də inanmayın

      "Süni" saxtakarlıq:    Artıq gördüyünüzə də inanmayın
  17 Sentyabr 2024    Oxunub:397
Süni intellektin (Sİ) son illərdə geniş inkişafı nəticəsində internet dünyasında "dipfeyk" (saxta) foto, video və səsyazılarının sayı günbəgün artır.
Məsələ burasındadır ki, "dipfeyk" nümunələri yüksəkkeyfiyyətli Sİ ilə hazırlananda onları gerçək foto və videodan, səsyazısından fərqləndirmək çətinləşir. Sosial şəbəkədə yumor məqsədli "mem"lərdən tutmuş dövlət və ictimai xadimlərin açıq-saçıq kadrlarına, ABŞ-də prezident seçkilərinə müdaxilə üçün yaradılan saxta səsli mesajlaradək yayılmış "dipfeyk"lə bəs necə mübarizə aparaq?

Dövlət başçılarının, ali səlahiyyətli şəxslərin "dipfeyk"ə məruz qalması hökumətləri bu sahədə qabaqlayıcı tədbirlər aparmağa məcbur qoyub. Hərçənd "süni saxtakarlıq"la, dezinformasiya ilə mübarizə elə də asan deyil.

Qazaxıstanlı politoloq Jaksılık Sabitovun sözlərinə görə, hazırda hökumətlərin "dipfeyk"ə qarşı birgə mübarizəsi istiqamətində tutarlı strategiya müəyyənləşdirilməyib.

(Jaksılık Sabitov)

"Belə bir şəraitdə istənilən dövlətin ərazisindən dezinformasiya yayıla bilər ki, bu da cinayətkarların aşkarlanmasını çətinləşdirər. Dövlətlərin özlərini zərərli Sİ-dən qorumaq məqsədilə lazımi vasitələr hazırlaması ilə yanaşı qarşılıqlı əlaqə üçün ümumi strategiya da vacibdir. Çünki Sİ üzrə texnologiya elə səviyyəyə çatıb ki, istənilən şeyi gerçəyindən fərqsiz şəkildə "yamsılamaq" mümkünləşib. Ona görə də ölkələrin birgə səyləri zəruridir", - Sabitov deyib.

İT və kibertəhlükəsizlik sahəsində beynəlxalq mütəxəssis, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) üzvü Arman Abdrasilov isə vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki ölkələrin "dipfeyk"lə mübarizə çərçivəsində vahid standartlar hazırlaması zərurəti yaranıb.

(Arman Abdrasilov)

"Ölkələrin ayrı-ayrılıqda apardığı strategiya mübarizəni çətinləşdirir. Vahid konseptual sistemə ehtiyac var. Əlbəttə, belə bir sistemin formalaşdırılması zamanı hər bir ölkənin özünəməxsus Sİ qanunları nəzərə alınmalıdır", - Abdrasilov söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: süni-intellekt   dipfeyk   mübarizə  





Xəbər lenti