“Qaçqınkom”un statistik və analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb

“Qaçqınkom”un statistik və analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb
  18 Sentyabr 2024    Oxunub:350
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi” layihəsinin icrasına başlanıb.
Komitədən AzVision.az -a bildirilib ki, bununla əlaqədar olaraq, ADA Universitetində dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, yerli və xarici ekspertlərin iştirakı ilə dəyirmi masa müzakirəsi keçirilib.
Layihənin rəhbəri, ADA Universitetinin prorektoru, Fariz İsmayılzadə layihə haqqında məlumat verib. O bildirib ki, layihə çərçivəsində Azərbaycanda məcburi köçkünlərlə bağlı məlumatların toplanılması və təhlili üçün keyfiyyət və kəmiyyət metodları əsasında sorğuların keçirilməsi nəzərdə tutulub. Bundan başqa, layihə çərçivəsində məcburi köçkünlərlə bağlı məlumat bazasının təkmilləşdirilməsi, yeni məlumat alətlərinin işlənib hazırlanması, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və təlimlərin verilməsi həyata keçiriləcək.

Layihənin elmi rəhbəri, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov məcburi köçkünlərlə bundan əvvəl keçirilmiş layihələr haqqında məlumat verib. O qeyd edib ki, dəyirmi masanın keçirilməsində məqsəd gələcəkdə aparılacaq sorğuların daha əhatəli olması və təkmilləşdirilərək keçmiş məcburi köçkünlərin maraqlarına cavab verən formada hazırlanmasıdır.
Layihənin koordinatoru, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva bildirib ki, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə ADA Universiteti və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun iştirakı ilə icra edilir. Əsas məqsəd, Böyük Qayıdışla bağlı həyata keçirilən tədbirlərin effektivliyinin artırılmasına, qayıdış potensialı üzrə proqnozların hazırlanmasına imkan yaradan zəruri məlumatların toplanılması və işlənilməsi üsullarının təkmilləşdirilməsinə nail olmaqdır.
Dəyirmi masa iştirakçıları çıxış edərək layihə haqqında fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər və layihənin tərəfdaşlarına suallarını ünvanlayıblar.

Müzakirələrdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Vüqar Nəsirov, sədrin müşaviri Nəsimi Nərimanov və digər struktur bölmələrin rəhbərləri səsləndirilən rəy və təkliflərlə bağlı geniş izahat verib, sualları cavablandırıblar.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti