Varşavanın Krımla bağlı gözlənilməz təklifi

   Varşavanın Krımla bağlı    gözlənilməz təklifi
  19 Sentyabr 2024    Oxunub:1053
Krım BMT-nin mandatına verilə və “ədalətli referenduma” hazırlana bilər.
AzVision.az xəbər verir ki, YES-in (Yalta European Strategy) Kiyevdə keçirilən20-ci illik toplantısında müzakirələr zamanı Polşanın Xarici İşlər naziri Radoslav Sikorski gözlənilməz təkliflə çıxış edib.

Polşalı nazirin fikrincə, Krım Rusiya prezidenti Vladimir Putin üçün simvolik, eyni zamanda Ukrayna üçün strateji əhəmiyyətli məkandır. Ona görə də, Ukrayna və Rusiya Krımın demilitarizasiyası olmadan sülhlə bağlı razılığa gələ bilməyəcəklər. Amma hər iki ölkənin siyasi iradəsi olsa, həll yolu tapıla bilər.

“Kimlərin qanuni sakinlər olduğunu yoxladıqdan sonra ədalətli referendum hazırlamaq missiyası ilə Krımı BMT mandatı altına verə və bu məsələni 20 il təxirə sala bilərdik”, - Polşa XİN-in rəhbəri deyib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Polşanın Xarici İşlər naziri Radoslav Sikorskinin Kiyevdə keçirdikləri görüşün iştirakçılarına istinad edən Polşanın “Onet” jurnalı tərəflər arasında ciddi narazılıq yaşandığını yazıb.

Mənbələrin iddiasına görə, Zelenski Polşanı Ukraynaya kifayət qədər dəstək verməməkdə günahlandırmaqla yanaşı, Varşavanı Rusiya raketlərini Ukrayna üzərində vurmağa çağırıb. Sikorski isə bildirib ki, NATO-nun qərarı olmadan belə addım atmaq mümkün deyil.

Bundan başqa, Zelenski Kiyevə daha çox hərbi texnika verməyi xahiş edib və eyni zamanda Polşanı Volınsk qırğını mövzusunu şişirtməkdə günahlandırıb. Radoslav Sikorski, öz növbəsində, ukraynalı millətçilərin həmin qırğında qətlə yetirdikləri polşalıların ləyaqətlə dəfn olunması üçün onların qalıqlarının eksqumasiya edilməsinə çağırıb. Lakin Volodimir Zelenskidən müsbət cavab ala bilməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   Krım   BMT  





Xəbər lenti