Trampın sülh planını “dəlilik” adlandırdılar

   Trampın sülh planını    “dəlilik”    adlandırdılar
  19 Sentyabr 2024    Oxunub:1166
ABŞ prezidentliyinə namizəd Donald Trampın özünə vitse-prezident seçdiyi Ceyms Devid Vensin təfərrüatlarını açıqladığı Ukraynada müharibəyə son qoymaq planı “dəlilik”dir və beynəlxalq münasibətlərin dinamikasını tamamilə məhv edə bilər.
AzVision.az xəbər verir ki, 2005-2016-cı illərdə Böyük Britaniyanın İcmalar Palatasının məmuru, habelə Müdafiə Komitəsinin katibi və NATO Parlament Assambleyasında Böyük Britaniyanın nümayəndə heyətinin katibi vəzifələrində işləmiş Eliot Uilson “The Hill” nəşrində dərc etdiyi köşə yazısında belə yazıb.

Bir neçə gün əvvəl Vens televiziya verilişində açıqladığı sülh planında Rusiya ilə Ukrayna arasındakı indiki demarkasiya xəttinin demilitarizasiya zonası olmasını” təklif edib. Uilsonun fikrincə, bu, Ukraynadan imtina etmək və Rusiyaya nəhəng geosiyasi qələbə qazandırmağa heyrətamiz hazırlığın göstəricisidir.

“Mahiyyət etibarı ilə, Trampın sülh planı 2014-cü ildə ilhaq edilmiş Krımı və hazırda Rusiyanın işğalı altında olan Ukrayna ərazisinin 20 faizini Moskvaya vermək deməkdir. Mesaj aydındır: qonşu ölkəni işğal etsəniz və hərbi üstünlük qazansanız, Tramp Amerikası sizin tuta biləcəyiniz qədər ərazi oğurladığınızı görməkdən məmnun olacaq”,
- Uilson qeyd edib.

Üstəlik, bu plana əsasən, Ukrayna çox güman ki, NATO-ya üzvlük arzusundan imtina etməli olacaq. Analitik onu da vurğulayır ki, Kiyevi belə diplomatik şəkildə təslim olmağa məcbur etmək bu münaqişənin hüdudlarından kənar nəticələrə də gətirib çıxara bilər. Bu, NATO-nun Ukrayna qarşısında götürdüyü bütün öhdəliklərini və alyansın “açıq qapı” siyasətini tamamilə pozacaq.

- Belə “tənzimlənmə” Amerikanın dünya üzrə müttəfiqlərinə Vaşinqtonun dəstəyinə arxalana bilməyəcəkləri barədə açıq siqnal göndərəcək. Bu, ABŞ-nin yazılı və ya şifahi öhdəliyinin heç bir çəkisi və mənası olmadığını dünyaya çatdıracaq. Bu, “əvvəlcə Amerika” yox, “yalnız Amerika” və “hər kəs özü öz qayğısına qalmalıdır” şüarı olacaq”, - Eliot Uilson iddia edib.

Maraqldıır ki, müəllif Ceyms Vensin Ukrayna probleminin həllinə yanaşmasını Böyük Britaniya və Fransanın Çexoslovakiyanı nasist Almaniyasına satdıqları 1938-ci il Münhen müqaviləsindən bəri müttəfiqin ən böyük birtərəfli xəyanəti kimi qiymətləndirib. Halbuki, Qərbin Ukraynadan daha yaxın müttəfiqlərini meydanda qoyub qaçması və ya öz maraqlarından çıxış edərək onları satması son onilliklərdə ənənəyə çevrilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Ukrayna   sülh  





Xəbər lenti