Qərbi Azərbaycan İcmasının nümayəndəsi BMT tədbirində çıxış edib

Qərbi Azərbaycan İcmasının nümayəndəsi BMT tədbirində çıxış edib
  21 Sentyabr 2024    Oxunub:886
BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində "Qayıdış hüququndan istifadə - sülh və barışıq üçün mühüm stimul kimi" mövzusunda tədbir keçirilib.
Qərbi Azərbaycan İcmasından AzVision.az -a verilən məlumata görə, BMT-nin üzv dövlətlərinin və çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldıqları tədbirə beynəlxalq ekspert Ventseslav Sabev moderatorluq edib. Tədbirdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov, Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyasının professoru Evgeniya Duss, Su, Ətraf mühit və Sağlamlıqla bağlı Qlobal institutun rəhbəri Nidal Salim və Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri və sözçüsü Ülviyyə Zülfiqar çıxış ediblər.

Tədbirin moderatoru, beynəlxalq ekspert Ventseslav Sabev, qayıdış hüququnun beynəlxalq prinsiplərin ayrılmaz hissəsi olduğunu qeyd edərək, tədbirin mövzusunun aktuallığından danışıb.

Səfir Q. İsrafilov, Azərbaycanın dövlətlərarası sülh və barışığın tərəfdarı olduğunu və insan hüquqlarına dair bütün beynəlxalq hüquq normalarına və prinsiplərinə sadiq qaldığını bildirib.

Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyasının professoru Evgeniya Duss, qayıdış hüququ, qaçqınların və məcburi köçkünlərin əsas hüquqları barədə məlumat verərək, bu hüquqların danılmaz olduğunu və həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Su, Ətraf mühit və Sağlamlıqla bağlı Qlobal institutun rəhbəri Nidal Salim çıxışında qaçqınların hüquqları ilə bağlı fundamental məsələlərə toxundu, qayıdış hüququnun bu münaqişələrdən əziyyət çəkən bütün əhali təbəqələrinə tətbiq edilməli olunduğunu bildirdi.

Qərbi Azərbaycan İcmasının nümayəndəsi Ülviyyə Zülfiqar çıxışında azərbaycanlıların vaxtilə mütləq əksəriyyəti təşkil etdikləri Ermənistan ərazisindən zorla qovulmasının tarixi haqqında məlumat verərək, deportasiyaların ağrılı nəticələrinin hələ də aradan qaldırılmadığını vurğulayıb.

Ülviyyə Zülfiqar, Qərbi Azərbaycan İcmasının Ermənistan hökuməti ilə qayıdış mövzusunda dialoqa başlamaq üçün dəfələrlə etdiyi cəhdlərin cavabsız qaldığını qeyd edib. Bunun əvəzinə, Ermənistandan azərbaycanlıların qayıdış hüququnu şübhə altına alan bəyanatların eşidildiyini bildirib. "Ermənistan hökuməti evlərimizi, müqəddəs yerlərimizi ziyarət etməyimizə belə mane olur. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının insan hüquqları institutlarının dəstəyinə ümid edirik. Bu dəstək çox vacibdir, çünki Ermənistanın evlərimizə qayıtmağımıza törətdiyi maneələri aradan qaldırmaq üçün təkcə İcmanın səyləri kifayət etmir," deyə bildirib.

İcma rəsmisi, BMT-nin insan hüquqları qurumlarını, o cümlədən, xüsusi məruzəçiləri, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının pozulması, xüsusilə onların qayıdış hüquqlarının inkar edilməsi hallarının aradan qaldırılması üçün hesabatlar hazırlamağa və digər lazımitədbirlər görməyə çağırıb.

Tədbir zamanı Ermənistan nümayəndəsi çıxış edib. O, Ermənistanın “hər bir köçkün və qaçqının öz evinə qayıtmaq hüququnu dəstəklədiyini” bildirib. Ermənistan nümayəndəsi Qərbi Azərbaycan ifadəsini Ermənistana qarşı ərazi iddiası kimi təqdim etməyə cəhd edib.

Cavabında Ülviyyə Zülfiqar Qərbi Azərbaycan İcmasının adının tarixi və coğrafi faktlara əsaslandığını və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ olduğunu qeyd edərək vurğulamışdır ki, QHT olaraq Qərbi Azərbaycan İcmasının hər hansı dövlətə qarşı ərazi iddiası ola bilməz. Sözçü həmçinin Qərbi Azərbaycan İcması tərəfindən Ermənistan Baş nazirinə dialoq müraciətləri ünvanlandığını xatırlatmışdır.

Daimi nümayəndə Səfir Qalib İsrafilov qeyd etmişdir ki, Ermənistanın nümayəndəsinin qayıdış hüququnu tanıdıqlarını deməsini qeydə alır - lakin əsas sual ondan ibarətdir ki, Ermənistan hökuməti azərbaycanlıların qayıdış hüququnu təmin etməyə hazırdırmı.

Tədbir digər iştirakçıların verdikləri suallar ilə interaktiv şəkildə davam edib.

AzVision.az


Teqlər: Qərbi-Azərbaycan-İcması  





Xəbər lenti