Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib

 Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib
  21 Sentyabr 2024    Oxunub:1857
Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib.

Fərhad Abdullayev bildirib ki, məhkəmənin 18 həlledici səs hüquqlu üzvlərinin hər biri qərarı imzalayıb. Sədr qeyd edib ki, MSK-nın yekun protokolu və ona əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğundur.

***

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun parlament seçkiləri ilə bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.
İclasda iki məruzəçi hakim təyin edilib. Məruzəçi kimi çıxış edən hakim Rövşən İsmayılov bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumilləşdirərək sentyabrın 1-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin nəticələri barədə 2024-cü il 16 sentyabr tarixli protokol tərtib edib. Səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının protokolu, qərar və ona əlavə olunmuş sənədlər səsvermənin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunub.

Sonra məruzəçi hakim Kamran Şəfiyev çıxış edib. O, parlament seçkiləri ilə bağlı prokurorluq və polis orqanlarına daxil olan şikayətlər barədə məlumat verib. Daha sonra MSK sədri Məzahir Pənahovun parlament seçkiləri ilə əlaqədar məlumatı dinlənilib.

Məzahir Pənahov, həmçinin Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb. Eyni zamanda, iclasda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov ekspert qismində çıxış edib.

İclasda, həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Fərid Əhmədovun çıxışı dinlənilib. Məhkəmə araşdırması başa çatdıqdan sonra hhakimlər müşavirəyə gediblər.

***

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

İclas 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin elan olunmasına həsr edilib. İclasın yekununda Milli Məclisə seçkilərin nəticələri təsdiqlənəcək.

İclasda növbədənkənar parlament seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan etdikdən sonra məhkəmə heyəti və katib təqdim edilib.

Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunlarına dair protokolun təsdiqlənməsi üçün əlavə edilmiş müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

AzVision.az



Teqlər:





Xəbər lenti