İsrail dünyaya meydan oxudu: “Məhv edəcəyik”

İsrail dünyaya meydan oxudu: “Məhv edəcəyik”
  14 İyul 2014    Oxunub:1267
“Sabitlik bərpa olunana qədər Qəzzada əməliyyatlar davam edəcək”.
AzVision.az xəbər verir ki, bu fikirləri İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Jurnalistlərin suallarını cavablandıran yəhudi baş nazir əməliyyatların davam edəcəyinin mesajını verib. Baş nazir dünya ictimaiyyətinin qınağına baxmayaraq mübarizəsinin davam edəcəyini diqqətə çatdırıb.

“Qəzzada əməliyyatlar uzun müddət də davam edə bilər. İsrail Qəzzadakı Həmas və digər terror təşkilatlarına qarşı hərbi əməliyyatları davam etdirməkdə qərarlıdır. Həmas İsrail şəhərlərini raketlərlə təsadüfi və davamlı olaraq vurur. İsrail isə Həması şiddəti yavaş-yavaş artaraq vuracaq”.

Netanyahu düşmənlərinin harada gizlənə biləcəkləri barədə də açıqlamalar verib: “Bunu yaxşı başa düşmək lazımdır ki, düşmən məscidlərdə gizlənir, xəstəxanaların anbarlarından silah anbarı kimi istifadə edir və liderləri uşaq bağçalarının yaxınlığındadır”.

Baş nazir bildirib ki, İsrail Qəzzadakı mülki vətəndaşların əziyyət çəkməyindən narahatdır, amma bunun məsuliyyətini Həmas daşıyır. Çünki Həmas mülki vətəndaşlardan qalxan kimi istifadə edir: “İsraillə Həmas arasındakı fərq ondadır ki, İsrail xalqını raketlərdən qorumaq üçün raketdən müdafiə sistemi qurur, Həmas isə raketdən qorunmaq üçün xalqından istifadə edir”.

Qeyd edək ki, İsrailin Qəzzaya somn hücumları nəticəsində 166 nəfər ölüb, 120 nəfər isə yaralanıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti