Şuşada dini radikalizmlə mübarizədə medianın rolu müzakirə olunur

Şuşada dini radikalizmlə mübarizədə medianın rolu müzakirə olunur
  24 Sentyabr 2024    Oxunub:986
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar davam edir.
Azərbaycanda dövlət-din münasibətləri modeli barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasını təmin etmək, media qurumlarının xəbər siyasətində dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılmasına nail olmaq məqsədi daşıyan seminar çərçivəsində peşəkar media mütəxəssislərinin mühazirələri dinlənilir, interaktiv müzakirələr aparılır, habelə işğaldan azad olunmuş ərazilərə mediaturlar təşkil edilir.

Regional seminarın ikinci günü “Dini radikalizmlə mübarizə və media” mövzusunda sessiya keçirilib. Moderator qismində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun çıxış etdiyi sessiyada Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.

“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusundakı ikigünlük seminar iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti