Azərbaycan və Çin arasında turizm sahəsi üzrə əməkdaşlıq əlaqələri gücləndirilir

Azərbaycan və Çin arasında turizm sahəsi üzrə əməkdaşlıq əlaqələri gücləndirilir
  25 Sentyabr 2024    Oxunub:894
Sentyabrın 24-də Azərbaycan Turizm Bürosu (ATB) "Azərbaycan Hava Yolları" (AZAL) QSC ilə əməkdaşlıq çərçivəsində Pekin şəhərində Azərbaycan və Çin Xalq Respublikası arasında turizm əlaqələrinin möhkəmləndirilməsinə istiqamətlənmiş bir sıra tədbir keçirib.
Tədbirlər çərçivəsində turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Turizm Bürosu və “Trip.com Group” arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanı çinli səyahətçilər üçün cəlbedici istiqamət kimi tanıda biləcək “Ctrip” platformasından aktiv şəkildə istifadə ediləcək.

Tədbir zamanı Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bu əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycan və Çin arasında turizm əlaqələri gələn turistlərin sayının və fərdi təkliflərin artması sayəsində yeni zirvəyə çatıb.
O bildirib ki, ikitərəfli əməkdaşlıq “Trip.com Group” ilə Anlaşma Memorandumunun imzalanması ilə daha da gücləndirilib və bu da Çin bazarında Azərbaycanın mövqeyinin inkişafı üçün önəmli addımdır.

Həmçinin Azərbaycanın turizm imkanlarını təqdim etmək məqsədilə Çinin 30-dək aparıcı media nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı təşkil olunub.
Mətbuat konfransında çinli turistləri üçün vizasız rejimin tətbiqi, ATB-nin Çində rəsmi təmsilçiliyin fəaliyyəti və Bakı ilə Pekin arasında AZAL aviaşirkəti tərəfindən birbaşa uçuşların həyata keçirilməsi kimi məsələlərə toxunulub.

Bildirilib ki, 2024-cü il iyulun 20-dən etibarən 2025-ci il iyulun 20-dək qüvvədə olacaq vizasız rejim Çin vətəndaşlarına il ərzində üç dəfəyə qədər Azərbaycana səfər etmək imkanı yaradır.

“Azərbaycan Hava Yolları” QSC-nin Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə qeyd edib ki, AZAL 2023-cü ilin dekabrından etibarən həftədə iki dəfə olmaqla Bakı və Pekin arasında birbaşa uçuşlar həyata keçirməyə başlayıb və bu marşrut sadəcə iki paytaxtı birləşdirən hava əlaqəsi deyil, həm də mədəniyyətlərimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında mühüm hava körpüsüdür.
Günün ikinci hissəsində, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin və digər rəsmi şəxslərin iştirakı ilə Çindən olan 100-dən artıq səfirlik, media və turizm agentliklərinin nümayəndələrinin qatıldığı xüsusi şam yeməyi təşkil olunub.

Xatırladaq ki, Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 18-24 sentyabrda Çin Xalq Respublikasının Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.

2024-cü ilin ilk 8 ayında Çindən Azərbaycana 26 866 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 104%-dən çox artımdır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti