Zelenskinin “qələb planı” ABŞ-da təəssürat yaratmayıb

Zelenskinin    “qələb planı”    ABŞ-da təəssürat yaratmayıb
  26 Sentyabr 2024    Oxunub:1184
Ağ Ev administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibədə qalib gəlmək planında hərtərəfli strategiyasının yoxluğundan və daha çox silah və uzaq mənzilli raketlərə qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün “yenidən paketlənmiş tələbdən bir qədər artıq xahiş” olmasından narahatdır.
AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

Son bir neçə ayda bu planı Rusiyanı məğlub etmək üçün əsas sənəd adlandıran Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə yüksək səviyyəli görüş zamanı bu barədə ABŞ prezidenti Co Baydenə məlumat vermək niyyətindədir. Bayden administrasiyası məhz onda bu planı ilk dəfə tam şəkildə eşidəcək. Lakin planın ümumi konturları ilə tanış olan yüksək vəzifəli ABŞ və Avropa rəsmilərinin dediyinə görə, xüsusən də Rusiya qüvvələrinin döyüş meydanında yavaş-yavaş, lakin qətiyyətli qələbələr qazanması fonunda bu plan Ukraynanın qələbəsi üçün aydın yol təqdim etmir. Yüksək vəzifəli amerikalı məmurlardan biri planda çox az yeniliyin olduğunu bildirərək, ondan təəssüratlanmadığını deyib.

NATO-ya yeni daxil olmuş Finlandiyanın prezidenti Aleksandr Stubb da planın ciddi effekt verəcəyini şübhə altına alıb.

“Planın mərkəzi elementi ondan ibarətdir ki, ABŞ Ukraynaya Kiyevin zəruri saydığı silahdan istifadə etmək üçün yaşıl işıq yandırmalıdır. Belə səlahiyyətlər olmasa, Ukraynanın təklifləri “daha az aktual” olacaq və Kiyevin Rusiyanın davam edən hücumlarına qarşı dura bilməyəcəyi ilə bağlı təhlükələr var”, - Finlandiya prezidenti “WSJ” qəzetinə müsahibəsində deyib.

Münaqişənin gərginləşməsi qorxusundan Vaşinqton hələ də Ukraynanın uzaq mənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq xahişinə müsbət cavab vermir. Bu mövqedən çıxış edən Almaniya kansleri Olaf Şolz da məhdudiyyətlərin aradan götürülməsini dəstəkləməyəcəyini bildirib. Kanslerin dediyinə görə, bu onun “baxışları ilə uzlaşmır”.

Eyni zamanda, bir sıra Avropa liderləri, xüsusən də Polşanın Xarici İşlər naziri Radoslav Sikorski təkid edir ki, Ukrayna öz ərazisini qorumaq üçün bu silahlardan Rusiyanın dərinliklərinə zərbə endirmək hüququna malik olmalıdır.

BMT-nin Baş Assambleyasındakı çıxışında Volodimir Zelenski Ukraynanın enerji infrastrukturuna və atom elektrik stansiyalarına hücumlarla bağlı Rusiyanın gələcək təhdidləri barədə xəbərdarlıq etsə də, sülh planının təfərrüatlarına toxunmayıb və silahla bağlı hər hansı tələb irəli sürməyib.

Lakin amerikalı və avropalı mənbələr pərdəarxası danışıqlarda Ukrayna prezidentinin ABŞ və müttəfiqlərindən hərbi məsələdə tam dəstək alacağına ümid edərək daha radikal tələblər ortaya qoyduğunu bildirirlər.

Bayden administrasiyasının rəsmilərinin fikrincə, Ukrayna planının ən əsaslı şəkildə işlənib hazırlanmış hissəsi silah tələbləri ilə bağlıdır. Siyasi islahatlar və iqtisadiyyatla bağlı digər əsas elementlər daha az konkretlik ehtiva edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   ABŞ   plan  





Xəbər lenti