Çinin ən yeni atom sualtı qayığı batıb

   Çinin ən yeni atom sualtı qayığı batıb
  27 Sentyabr 2024    Oxunub:1010
Çinin ən yeni nüvə sualtı qayığı Uhan yaxınlığındakı gəmiqayırma zavodunda batıb.
AzVision.az xəbər verir ki, bəzi mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” qəzeti belə məlumat yayıb. Adı açıqlanmayan Amerika hərbi rəsmisinə istinad edən “Reuters”, “AFP” və “AP” agentlikləri də belə məlumat paylaşıblar. Onlar rəsmi Pekinin fövqəladə hadisəni gizlətməyə çalışdığını iddia edirlər.

KİV-lərin yazdığına görə, hadisə bu ilin may ayının sonu - iyunun əvvəllərində baş verib. Çin Dövlət Gəmiqayırma Korporasiyası tərəfindən “Wuachang” tərsanəsində inşa edilən “Çjou” sinifli sualtı qayığın batdığı bildirilir. “Çjou” bu tipli ilk gəmi idi. Sualtı qayıq sonuncu dəfə may ayının sonunda Yantszı çayında qeydə alınıb. Peyk görüntülərinə əsasən, sualtı qayığı çayın dibindən çıxarmaq üçün iyunun əvvəlində onun batdığı ehtimal olunan yerə kranlar göndərilib.

Fövqəladə hadisənin nədən yaranması və ölənlər barədə məlumat yoxdur. “WSJ”nin həmsöhbətləri sualtı qayığın nüvə yanacağı daşıdığını istisna etmirlər.

“Təlim standartları və avadanlığın keyfiyyəti barədə aşkar suallarla yanaşı, insident Çin Xalq Azadlıq Ordusunun daxili hesabatlılığı və uzun müddətdir korrupsiya ilə mübarizə aparan müdafiə sənayesinə nəzarəti ilə bağlı daha dərin suallar yaranır. Təəccüblü deyil ki, Çin Xalq Azadlıq Ordusunun Dəniz Qüvvələri sualtı qayığın batdığını gizlətməyə çalışır”, - amerikalı məmurlardan biri deyib.

Pentaqonun hesabatına görə, 2022-ci ilə kimi Çində altı nüvə enerjili ballistik raket sualtı qayığı, altı nüvə enerjisi ilə işləyən hücum sualtı qayığı və 48 dizel mühərrikli hücum sualtı qayığı olub. ABŞ-nin Müdafiə nazirliyinin məlumatına istinad edən “Reuters” agentliyi 2025-ci ilə qədər Çinin sualtı qayıqlarının sayının 65-ə, 2035-ci ilə qədər isə 80-ə çatacağının gözlənildiyini yazıb.

Agentlik qeyd edir ki, artıq 370-dən çox gəmi ilə dünyanın ən böyük donanmasına malik olan Çin yeni nəsil atom sualtı qayıqları istehsal edir.

Bu həftə isə Çin son 40 ildən artıq müddətdə ilk dəfə öz ərazisindən kənarda qitələrarası ballistik raket sınaqdan keçirib. Çinin sədri Si Cinpin isə 2049-cu ilə qədər “dünya səviyyəli” Silahlı Qüvvələr yaratmağı ölkənin prioritet vəzifəsi kimi müəyyənləşdirib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Çin   nüvə   qayıq   batmaq  





Xəbər lenti