Berlində Anım Günü qeyd edilib

Berlində Anım Günü qeyd edilib
  27 Sentyabr 2024    Oxunub:983
27 sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Səfirlikdən AzVision.az -a bildirilib ki, tədbirdə xarici diplomatlar, elm və mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək bu günün xalqın qəhrəmanlıq tarixində mühüm yer tutduğunu vurğulayıb. Səfir qeyd edib ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı ilə heç vaxt barışmayan Azərbaycan bu müddət ərzində daim qələbəni yaxınlaşdırmaq üçün bütün gücünü səfərbər etdi:

"Ölkəmizdə ordu quruculuğu uğurla aparıldı, müasir dövrün tələblərinə cavab verən güclü Silahlı Qüvvələr yaradıldı, iqtisadiyyatımız inkişaf etdi, Azərbaycanın regionda və beynəlxalq arenada nüfuzu gündən-günə artdı. Ermənistanın təxribatçı hərəkətlərinə cavab olaraq, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanaraq 30 illik işğala son qoydu. Azərbaycan bu şanlı Qələbə sayəsində beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi".

Diplomat Azərbaycanın bu haqq işində qardaş Türkiyə və Pakistanın Azərbaycana siyasi və mənəvi dəstəyinin önəmini də xüsusi vurğulayıb.

Bildirilib ki, ötən il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Qarabağda separatçılığa son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi.

N.Ağayev işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə hazırda genişmiqyaslı quruculuq işlərinin uğurla həyata keçirildiyini xatırladaraq 2020-ci ildən etibarən bu işlərə 10 milyard dollardan çox sərmayə yatırıldığını diqqətə çatdırıb. O qeyd edib ki, dörd il ərzində bir neçə kənd və qəsəbə yenidən qurulub, iki müasir beynəlxalq aeroport, 3 min kilometr uzunluğunda avtomobil yolu, eləcə də dəmir yolu xətləri, elektrik stansiyaları, məktəb və xəstəxanalar inşa olunub. İndiyədək 8 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb.

Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer çıxışında Azərbaycan ərazilərinin 20 faizinin beynəlxalq hüquqa zidd olaraq otuz ilə yaxın müddətdə işğal altında saxlandığını qeyd edib. Bildirib ki, məhz 2020-ci ildə baş vermiş müharibə nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

Çıxışlardan sonra Bakı Media Mərkəzi tərəfindən çəkilən və Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığına, şəhidlərin əziz xatirəsinə həsr olunan "Biz" filmi nümayiş etdirilib. Sonda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti