Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Bakıda
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiquesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı ölkəmizin ev sahibliyi ilə keçiriləcək beynəlxalq tədbirə hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib. Baş prokuror iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın möhkəmləndiyini diqqətə çatdıraraq, ötən il martın 23-də Afina şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Argentina Respublikasının Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu arasında imzalanmış Memoranduma uyğun olaraq təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
Görüş zamanı, həmçinin bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 barədə məlumat verilərək, BPA-nın Bakıda keçiriləcək 29-cu illik konfransı zamanı dünya prokurorları arasında hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə səfərbər olunması, habelə ekoloji cinayətlərə qarşı birgə mübarizə mövzularının təşviq və müzakirə olunmasının vacibliyi vurğulanıb.
Təşkilatın Prezidenti səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, milli prokurorluq orqanlarımızın rəhbərliyi tərəfindən Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə təşəkkür edib. Daha sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar. Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
AzVision.az
Teqlər: