Lukas Leyros: “Qərbin bütün səyləri əbəsdir”

   Lukas Leyros: “Qərbin bütün səyləri əbəsdir”
  02 Oktyabr 2024    Oxunub:671
Kiyevin döyüş meydanında vəziyyəti dəyişə biləcəyinə Qərb artıq inanmır.
AzVision.az xəbər verir ki, Geostrateji Tədqiqatlar Mərkəzinin hərbi eksperti, braziliyalı jurnalist Lukas Leyrosun “InfoBRICS” nəşrində dərc edilən məqaləsində Qərb siyasətçilərinin artıq Kiyevin döyüş meydanında vəziyyəti öz xeyrinə dəyişə biləcəyinə inanmadıqları iddia olunur.

“Hər şey göstərir ki, hələ də heç bir qərbli siyasətçi Kiyevin hərbi vəziyyəti dəyişə biləcəyinə inanmır və bundan sonrakı bütün hərbi səylərin nəticəsiz qalması ilə bağlı açıqlanmayan konsensus mövcuddur. Qərb artıq Vladimir Zelenskinin hərəkətlərindən yorulub və onun yerinə bir adam tapmaq istəyir, çünki ukraynalı siyasətçi onun planlarına açıq şəkildə müdaxilə edir”, - Leyros yazıb.

Ekspert, həmçinin ABŞ-yə səfəri zamanı Volodimir Zelenskinin Qərb icitmaiyyətinin diqqətini cəlb edə bilmədiyini vurğulayıb.

Ötən həftə Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə danışıqların əleyhinə çıxıb. Bundan əlavə, o, yenidən vəziyyəti tənzimləmək üçün özünün irəli sürdüyü “sülh formulu”ndan istifadə olunmasını təklif edib.

“ABC News” telekanalına müsahibəsində isə, Ukrayna prezidenti bildirib ki, onun “qələbə planı”nın Rusiya ilə danışıqlara heç bir aidiyyatı yoxdur və bu, ancaq Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə yönəlib. Onun sözlərinə görə, təşəbbüsün məqsədi münaqişəni daha bir neçə il uzatmaq yox, tezliklə sona çatdırmaqdır.

Zelenskinin sözlərini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, onun hətta Qərb üçün də heç bir real “planı” olmadığını deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Qərb   inamsızlıq  





Xəbər lenti