Terror Amerikaya qayıtdı

Terror Amerikaya qayıtdı
  19 Aprel 2013    Oxunub:2061
Amerikada Bostonda baş verən partlayış üzrə davam edən araşdırmaların izləri radikal islamçılara qədər gedib çıxa, Amerikanın buna sərt cavabı isə ölkəni yeni bir müharibəyə sürükləyə bilər.Terroçulara da elə bu lazımdır –deyə Qərb mətbuatı yazır.

Partlayışların təşkilatçıları hələlik məlum deyil, lakin marafon iştirakçıları və tamaşaçılarına hücumda “Əl-qaidə” və ya onunla əlaqədar təşkilatların imzası hiss edilir. Analoji terror aktlarını Əl-qaidə terrorçuları 2004-cü ildə Madriddə, 2007-c ildə isə Londonda törədiblər. Partlayışın ABŞ-ın müstəqilliyi uğrunda müharibənin anım günündə törədilməsi də təsadüfi deyil. O zaman,1775-ci ildə Amerikaya tuşlanmış silah səsləri də məhz Bostonda eşidilmişdi.

Terror Amerikaya qayıtdı

“Terror Amerikaya qayıtdı. Boston marafonuna hücum göstərdi ki, Amerikada dəhşətli terror aktları dövrü hələ keçməyib. 10 ildən çoxdur terrorizmlə mübarizə aparan Amerika artıq yorulub və çox güman ki, başqa məsələlərin həlli ilə, məsələn, iqtisadi problemlərlə məşğul olmaq istərdi. Lakin bu heç bir ekstremisti maraqlandırmır. Onlar hələ gələcəkdə də Qərbin “zəif nöqtələri”nə zərbə endirmək üçün hər cəhddən istifadə edəcəklər. Burada əsas məqsəd açıq cəmiyyət arasında qorxu yaratmaqdır”-deyə Almaniya mətbuatı yazır.

2001-ci il 11 sentyabr hadisəsindən sonra amerikalılar analoji hücumların qarşısını ala bilmək üçün güclü şəbəkə strukturu yaratdılar və həqiqətən də bu günə -Boston hadisəsinədək terrorçuların bütün planlarının qarşısı vaxtında ala bildilər. Ancaq bu uğurun əbədi olmayacağı başından bəlli idi. Bu isə o deməkdir ki, Amerika cəmiyyəti totalitar qüvvələrin yaratdığı təhlükəli situasiyalarla hələ çox qarşılaşacaq. Hazırkı məqamda onlara yalnız ayıq-sayıq olmaq və sakitliyi qorumaq lazımdır.

Bəs Boston terrorunun arxasında kim dayanıb? “Əl-Qaidə” ilə əlaqəsi olan islamçı qruplaşmalarmı? İnternet şəbəkələrində təxribat yayan məşhur qruplarmı? Yoxsa Amerika cəmiyyətinin sağ düşərgəsinin təmsilçiləri, xalqı hakim dairələrdən qoruduqlarını düşünən ekstremistlərmi? Kim bilir bəlkə də araşdırmaların izləri Yəmən, Pakistan və ya Şimali Afrikaya gedib çıxacaq?

Boston aktının ölkədə silah satışına qadağa məsələsi ilə bağlı hələ də davam edən mübahisələrdən sui-istifadə etmək istəyən insanlar tərəfindən törədildiyi də güman edilir. Belə ki, analoji hal 18 il əvvəl də baş vermişdi- Oklahoma-Siti də terror aktı törədilmişdi.

Bostondakı partlayış Massaçusetsdə Amerikanın Müstəqilliyi uğrunda inqilabın anım günündə törədilməsi də bir sıra şübhələr ortaya çıxarır. Ola bilər ki, cinayətkarlar özlərini repressiv dövlətlə mübarizə aparan həmin inqilabçıların ardıcıllarından hesab edirlər.

Bəs görəsən Amerika analoji cavab verəcəkmi? Terrorçuların patoloji məntiqinə görə, İraq və Əfqanıstandan geri çəkilən ABŞ hansısa başqa bir islam ölkəsi ilə müharibəyə başlaya bilər. Odur ki, onlar digər terrorçu qruplaşmaları öz tərəflərinə çəkmək üçün bundan yaxşı üsul fikirlisə bilməzdilər. Bu məntiqi nəzərə alaraq, demək olar ki, terrorun arxasında kim olursa olsun Amerika hər ehtimala qarşı öz təhlükəsizliyini gücləndirəcək və vətəndaş azadlığını bir qədər məhdudlaşdıracaq.
Bundan sonrakı marafon və ya futbol matçları gücləndirilmiş polis nəzarəti altında keçiriləcək. Elektron poçtlar, telefon danışıqları daha ətraflı yoxlanılacaq.

Elə terrorçuların əsas məqsədi də budur. Ölkədə qorxu yaratmaq ,insanlar arasında etimadı sarsıtmaqla bütövlükdə cəmiyyəti məhv etmək ...

Bunu Amerika prezidenti Barak Obama da təsdiqləyir.
"ABŞ-da baş verən partlayışlarla Amerika xalqını qorxutmağa çalışırlar. Bizi amerikalı edən dəyərlərimizdən uzaqlaşdırmaq istəyirlər”.

Qeyd edək ki, terror- təşkilatçılarının ən primitiv vasitələrdən istifadə etməklə azad cəmiyyətə tətbiq etdiyi böyük vergilər kimi bir şeydir. Strateqlər bunu ”assimetrik müharibə aparmaq “ adlandırırlar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti