"Qərb Cənubi Qafqaza qoşun yeritmək istəyir" - Bortnikov

   "Qərb Cənubi Qafqaza qoşun yeritmək istəyir"    - Bortnikov
  04 Oktyabr 2024    Oxunub:1201
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov diqqət çəkən açıqlamalar verib.
O, Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclasında çıxışı zamanı Qərb ölkələrini tənqid edib.

FSB rəhbəri deyib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir.

O həmçinin qeyd edib ki, Qərb guya İrəvan və Bakı arasında münasibətlərin həllinə kömək etmək üçün NATO ölkələrindən öz “sülhməramlı” kontingentini Cənubi Qafqaza yerləşdirməyə çalışır.

Paris-İrəvan tandemi region üçün təhlükə yaradır
"Amerikalılar və avropalılar açıq şəkildə Cənubi Qafqazda sabitliyin yaradılmasında maraqlı deyillər. Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etmək istəyir. Bununla da de-yure BMT-nin, de-fakto isə NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır",- Bortnikov qeyd edib.

Rusiya rəsmisi qeyd edib ki, Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarmağa çalışır. Bu isə İrəvanı Bakı ilə gələcək münasibətlər məsələlərində Şimali Atlantika Alyansından daha da asılı vəziyyətə salacaq.

“NATO-nun dünyanın müxtəlif regionlarında vasitəçiliyinin əvvəlki təcrübəsini nəzərə alsaq, blokun Cənubi Qafqazda konsolidasiyasının regiondakı sabitliyə açıq şəkildə töhfə verməyəcəyini deyə bilərik”, - Bortnikov vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Azərbaycan   Qərb   FSB  





Xəbər lenti