Bəhreyn Krallığının Baş prokuroru Əli bin Fazil Əl-Büeynəyinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, oktyabr ayının 4-ü Baş prokuror Kamran Əliyev Bəhreynli həmkarını Baş Prokurorluqda qəbul edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi hüquq sistemində də aparılan islahatlar, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən prokuror Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik edərək qarşıda duran mühüm tədbirlərin Baş Prokurorluq tərəfindən müvəffəqiyyətlə keçiriləcəyinə əminlik ifadə edib.
Daha sonra qonaq Baş Prokurorluğun Tarix muzeyi və Çağrı Mərkəzi ilə tanış olub.