İran ABŞ-ni Livan və Qəzzada cinayətlər törətməkdə ittiham edib

   İran ABŞ-ni Livan və Qəzzada cinayətlər törətməkdə ittiham edib
  07 Oktyabr 2024    Oxunub:949
"İsrail ordusunun Livan və Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin günahı Amerika hakimiyyətinin üzərinə düşür".
Bu fikri İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi deyib.

İsrailə 26 mindən çox raket və PUA atılıb
İran rəsmisi SNN telekanalında çıxışı zamanı qeyd edib ki, nəinki Qəzza ilə Livanda, bütün regionda törədilən cinayətlərə və qətllərə görə məsuliyyəti tam şəkildə rəsmi Vaşinqton daşıyır: "Çünki onların dəstəyi olmadan sionist rejim (İsrail nəzərdə tutulur – red.) nə mövcud ola, nə də bu cinayətləri törədə bilərdi”.

Borucerdi Təl-Əvivi də hədələyib: "Sionist rejim və onun müttəfiqlərinin cinayətləri ilə mübarizə aparmaq üçün bütün mümkün vasitələrdən istifadə etməliyik. Sionist rejim strateji səhvə yol vermək istəsə, mütləq peşman olacaq”.

Qeyd edək ki, bu gün Fələstinin "HƏMAS" hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücum etməsinin ildönümüdür. Əməliyyatlar zamanı sərhəddə yerləşən yaşayış məntəqələrinin sakinləri öldürüldü və 250-yə yaxın girov götürüldü. "HƏMAS" bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı arzuolunmaz davranışlarına cavab adlandırıb. Bundan sonra İsrail Qəzzanı tam mühasirəyə aldığını elan etdi və yerüstü əməliyyatlara başladı. Proseslərin sonrakı mərhələsində Livan ilə Suriyanın müəyyən bölgələrində də qisas əməliyyatları həyata keçirildi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   İran  





Xəbər lenti