Antarktida sürətlə yaşıllaşır

   Antarktida sürətlə yaşıllaşır
  07 Oktyabr 2024    Oxunub:2906
Son 40 il ərzində buzlaq Antarktida qitəsinin eyniadlı yarımadasında bitki örtüyünün 10 dəfədən artıq çoxaldığı müəyyənləşib.
Bu barədə Britaniya Antarktika Tədqiqatı İnstitutunun "Nature Geoscience" jurnalında yayımlanan məqaləsində məlumat verilib. Bildirilir ki, bir çox qütb ərazisi kimi sözügedən yarımada da sürətlə istilləşmə baş verir. Nəticədə buzlaq sahələrini bitki örtüyü əvəzləməyə başlayır. 1986-cı ildə yarımadada bitki örtüyü sahəsi 1 kv. kilometrdən az idisə, 2016-cı ildən 2021-ci ilədək 12 kv. kilometrə çatıb. Başqa ifadə ilə desək, ərazidə yaşıllaşma tendensiyası 30%-dən çox, ildə 400.000 kv.metrdən çox sürətlənib. Üzə çıxan bitkilər əsasən mamırlardır.

Alimlər vurğulayırlar ki, qeyri-münbit buzlaqlarda bu cür ibtidai bitkilərin cücərməsi nəticəsində üzvi maddələr meydana çıxacaq və başqa növ bitkilər üçün də münbit şərait yaradacaq. Yarımadanın bitki örtüyünün dəyişməsində ekoturistlər, alimlər və digər qonaqların gətirdikləri qitəyə yad bitkilərin də təsiri var.

Peyk məlumatları da Antarktika yarımadasının yaşıllaşdığını təsdiqləyir.

Hartfordşir Universitetinin tədqiqatçısı Olli Bartletin sözlərinə görə, iqim norması dəyişdikcə bu proses daha da intensivləşəcək.

"Gələcəkdə qitədə insan fəaliyyətinin artması ilə yaranan istiləşmə buranın təbiətində daha ciddi dəyişikliklər əmələ gətirə bilər", - alimlər bildirirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Antarktika   qlobal-istiləşmə  





Xəbər lenti