İkiüzlü sülh quşu

// İsrailə silah embarqosu qoymağa çağıran Makron Ermənistanı niyə silahlandırır?

   İkiüzlü sülh quşu
  07 Oktyabr 2024    Oxunub:4620
Fransa prezidenti Emmanuel Makron “France Inter” radiosunun efirində İsrailə silah satışını dayandırmağa çağırıb. O bildirib ki, hazırda Yaxın Şərqdə münaqişənin siyasi nizamlanması prioritet olmalıdır. Makronun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahunun siyasəti səhvdir və ölkəsinin təhlükəsizliyinə xətər toxundura bilər.
Netanyahu öz növbəsində, Makronun bu bəyanatını “biabırçılıq” adlandıraraq, xatırladıb ki, İsrail “İranın silahlandırdığı barbarlara qarşı bir neçə cəbhədə mübarizə aparır”.

- Tehran husiləri, “Həmas”ı, eləcə də digər marionetlərini silahlandırmaqdan əl çəkmədiyi halda, bu terror məhvərinə qarşı sözdə müqavimət göstərən ölkələrin İsrailə silah satışına embarqo qoymaq çağırışı anlaşılmazdır. İsrail bütün hallarda qalib gələcək: Qərb ölkələrinin dəstəyi olsa da, olmasa da!,- Netahyahunun ofisinin yaydığı bəyanatda deyilir.

Azərbaycandan baxanda isə Makronun çağırışı xüsusilə ikiüzlü təsir bağışlayır. Çünki hazırda Fransa Ermənistanı aktiv şəkildə silahlandırmaqdadır. Söhbət hücum silahalarından - “CAESAR” özüyeriyən artilleriya qurğularından, “Bastion” zirehli maşınlarından gedir. Yaxın gələcəkdə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulub.

Silahların çoxu Ermənistana ya pulsuz, ya da elə Avropanın özünün ayırdığı kreditlə verilir. Yəni məqsəd kommersiya deyil, Ermənistanı silahlandırmaq yolu ilə Azərbaycana qarşı qoymaqdır. Bu isə Güney Qafqazda sülhə və sabitliyə təhlükə yaradır. Prezident İlham Əliyev məhz bunu nəzərdə tutaraq demişdi ki, “Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar”.


Makron qəribə “sülh quşu”dur: Yaxın Şərqdə guya konfliktin səngiməsini istəyir, Güney Qafqazda isə yox. Səbəb sadədir: Fransanı maraqlandıran bu bölgələrdəki vəziyyət, insanların taleyi və rifahı deyil, öz maraqlarının təmin olunması və proseslərə müdaxilə imkanı qazanmaqdır. Ona görə Makron deyir ki, ölkəsi İsrailə müdafiə silahları satmağa hazırdır. Çünki İsrail hücum silahlarını Fransadan almır. Maraqlıdır: elə isə Ermənistan niyə ancaq müdafiə silahları ilə təmin olunmur?

Tariyel Həsənov
AzVision.az


Teqlər: Makron   Fransa   İsrail  





Xəbər lenti