Tibb və Fiziolofiya üzrə Nobel Mükafatı laureatları bəlli olub

   Tibb və Fiziolofiya üzrə    Nobel Mükafatı    laureatları  bəlli olub
  07 Oktyabr 2024    Oxunub:1156
Amerikalı alimlər Viktor Ambroz və Qeri Ravkan 2024-cü ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazanıblar.
AzVision.az xəbər verir ki, Nobel Komitəsində mükafatın “mikroRNT-nin kəşfinə və onun transkripsiyadan sonra gen tənzimlənməsindəki rolu” işinə görə təqdim olunub. 2023-cü ildə bu sahə üzrə mükafatı COVID-19-a qarşı “mRNA vaksinlərinin inkişafına səbəb olan tədqiqatlara görə” Katalin Kariko və Dryu Vaysman qazanıblar.

Xatırladaq ki, Fiziologiya və Tibb Mükafatı 1901-ci ildən verilir. Alfred Nobelin vəsiyyətinə görə, bu kateqoriya üzrə mükafatın sahibini 1810-cu ildə əsası qoyulmuş Stokholmdakı Karolinsk İnstitutu müəyyənləşdirir. Nobel Komitəsinin üzvləri məsləhətləşmələr üçün mütəxəssisləri dəvət edə bilərlər. Bu mükafata layiq görülən kəşflər fiziologiyada kimi fundamental və ya tibb sahəsindəki kimi praktik işlər ola bilər.

Hər il olduğu kimi Nobel həftəsi Fiziologiya və Tibb üzrə Mükafatın verilməsi ilə başladı. Sabah Fizika, oktyabrın 9-da Kimya, oktyabrın 10-da isə Ədəbiyyat sahələrində Mükafatların qalibləri elan ediləcək. Nobel Sülh Mükafatının laureatının kimə veriləcəyi isə oktyabrın 11-də Osloda elan olunacaq.

Oktyabrın 14-də, 1969-cu ildə İsveç Bankı tərəfindən təsis edilən Alfred Nobelin xatirəsinə İqtisadiyyat Elmləri Mükafatının verilməsi ilə Nobel həftəsi günləri yekunlaşacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tibb-Fiziologiya   Nobel   mükafat  





Xəbər lenti