Netanyahu Qalantın ABŞ-yə getməsinə icazə verməyib

   Netanyahu Qalantın ABŞ-yə getməsinə    icazə verməyib
  09 Oktyabr 2024    Oxunub:882
İsrailin Müdafiə naziri Yoav Qalantın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 9-da gecə ABŞ-yə təcili səfərə getməli idi. Lakin baş nazir Benyamin Netanyahu buna icazə vermədiyi üçün səfər baş tutmayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan İsrail mediasının yazdığına görə, Qalantın səfərinə cəmi bir neçə saat qalmış hadisələrin inkişafından xəbər tutan Amerika tərəfi çaşqınlığını gizlətmir. Netanyahu İsrailin Müdafiə naziririnin Vaşinqtona getməsi üçün iki şərt irəli sürüb: Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı və İsrail hökumətinin planlaşdırdığı növbəti əməliyyatların təsdiqi.

İsrailin “Vesti” nəşrinin iddiasına görə, Ağ Ev rəhbəri uzun müddətdir ki, bəzi məsələlərdə narazılığını nümayiş etdirərək Netanyahu ilə danışıqlardan yayınır. Eyni zamanda, Bayden bu müddət ərzində İsrail prezidenti İsxak Hersoqla ünsiyyətdə olub. İsraildə 7 oktyabr faciəsinin anıldığı gün ABŞ prezidenti hökumət başçısına deyil, məhz israilli həmkarına zəng edib.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx jurnalistlər üçün keçirdiyi brifinqdə Təl-Əvivin Yoav Qalantın Vaşinqtona səfərini təxirə salması ilə bağlı ABŞ-ni xəbərdar etdiyini bildirib. O, Pentaqonun rəhbəri lloyd Ostinin tezliklə israilli həmkarı ilə görüşəcəyinə ümidli olduğunu vurğulayıb. Səfərin təxirə salınmasının səbəbinə gəldikdə, Sabrina Sinqx bununla bağlı İsrail tərəfinə müraciət etməyi müəsləhət görüb.

“Bu sualı israillilərə ünvanlamalısınız. Mənə indicə onun səfəri təxirə saldığı xəbərini veriblər”, - Pentaqon rəsmisi deyib.

Bəzi ekspertlər Amerikanın “şok vəziyyətinə düşdüyünü” bildirilər. Çünki söhbət artıq Netanyahu və Qalant arasındakı münasibətlərdəki böhrandan yox, Bayden administrasiyası ilə ixtilafdan gedir. Məhz Vaşinqton İsrailin hərbi əməliyyatlarının koordinasiyasında əsas fiqur saydığı Müdafiə naziri Yoav Qalantı dəvət edib və onun səfərini Netanyahunun ofisi ilə razılaşdırıb. Son vaxtlara qədər Qalantın ətrafı rəsmi razılığın olmamasına baxmayaraq, səfərin planlaşıdırldığı kimi baş tutacağına əmin idi.

Qalantı səfərdə Müdafiə nazirliyinin baş direktoru, komandan müavini və ÇAXAL-ın Hərbi Hava Qüvvələrinin (HHQ) Baş Qərargah rəisi müşayiət etməli idi. Səfər proqramına Pentaqonun rəhbəri Lloyd Ostin və ABŞ prezidenti Co Baydenin müşavirləri ilə danışıqlar daxildir.

Qeyd edək ki, Yoav Qalant İrana qarşı qisas hücumunun keçirilməsi planını irəli sürür. Yüksək vəzifəli israilli mənbələrinin dediyinə görə, yəhudi dövlətinin İslam Respublikasına ciddi ziyan vurmaq üçün kifayət qədər imkanları var, lakin Tehranın buna reaksiya verərək yenidən hücuma keçməsi mümkündür. Belə ssenari qarşılığında İsrailin maksimum müdafiəyə nail olması üçün artıq iki dəfə raket hücumlarını dəf etməyə dəstək vermiş ABŞ və beynəlxalq koalisiyanın iştirakı zəruridir.

Bu arada İsrail televiziyasının 12-ci kanalı ABŞ-nin və bəzi ərəb ölkələrinin bütün arenalarda İsrailə qarşı düşmənçiliklərə son qoymaq üçün İranla pərdəarxası danışıqlar apardığı barədə məlumat yayıb.

Xəbərdə İsrailin hələlik bu təmaslarda iştirak etmədiyi və atəşkəsin mümkünlüyü ilə bağlı mövqeyini Vaşinqtona çatdırmadığı vurğulanır. Qəzza zolağının danışıqlarda hansı yeri tutduğu da məlum deyil.

“Hazırda gücümüzün zirvəsindəyik, atəşkəs, o cümlədən Hizbullah qüvvələrinin Litani çayının şimalından çıxarılması və sərhəd bölgələrində Hizbullahın bütün hərbi bazalarının məhv edilməsi, bizim şərtlərimizlə olacaq”, - telekanal yüksək vəzifəli israilli məmurlardan sitat gətirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Netanyahu   Qalant   Vaşinqton  





Xəbər lenti