Bayden və Blinken “Ramştayn” formatının iclasına getməyəcəklər

   Bayden və Blinken    “Ramştayn”    formatının iclasına getməyəcəklər
  09 Oktyabr 2024    Oxunub:791
ABŞ prezidenti Co Bayden Floridaya yaxınlaşan “Milton” qasırğasına hazırlıqlara şəxsən nəzarət etmək qərarına gəldiyi üçün Almaniyaya uçuşunu təxirə salıb.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı rəsmi məlumatda bildirilir.

“Milton qasırğasının proqnozlaşdırılan trayektoriyasını və şiddətini nəzərə alaraq, prezident Bayden hazırlıqlara və cavab tədbirlərinə nəzarət etmək üçün Almaniya və Anqolaya səfərlərini təxirə salır”, - Ağ Evin açıqlamasında bildirilir.

Məlumatda Baydenin Almaniyaya səfərinin hansı müddətə təxirə salındığını dəqiqləşdirmir. İlkin plana görə, prezidentin oktyabrın 10-da ABŞ-dən uçması planlaşdırılırdı: əvvəlcə Almaniyaya, sonra isə Anqolaya. Onun səfərinin oktyabrın 15-dək davam edəcəyi gözlənilirdi. Almaniyada Baydenin Ukrayna üzrə təmas qrupunun iclasında iştirakı planlaşdırılır. Bu görüşün əsas günü oktyabrın 12-dir.

Marqlıdır ki, bunun ardınca, ABŞ-nin dövlət katibi Antoni Blinken də “Ramştayn” görüşünün keçiriləcəyi Almaniyaya səfərini ləğv edib. Halbuki, Co Baydenin Almaniyaya səfərinin təxirə slındığını açıqlayan ABŞ Dövlət departamentinin rəsmisi Metyu Miller, həmin tədbirə yollanacaq Amerikanın nümayəndə heyətinə məhz Blinkenin rəhbərlik edəcəyinin planlaşdırıldığını demişdi.

Bu arada Baydenin “Ramştayn” formatındakı görüşdə qatılmamaq barədə qərarını şərh edən Almaniyanın kansleri Olaf Şolz səfərin sadəcə, təxirə salındığına ümidli olduğunu bildirib. “Reuters” agentliyi bu ümidin dəqiq nə vaxt doğrulacağının hələ məlum olmadığını yazıb.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski “Ramştayn” formatında keçirilən növbəti yığıncağın ölkəsi üçün taleyüklü qərarların çıxarılacağına böyük ümidlər bəsləyirdi. Bu sırada onun əsas gözləntilərindən biri Qərbin Kiyevə verdiyi silahlardan Rusiyanın dərinliklərinə zərbələrin endirilməsinə qoyulan qadağanın aradan götürülməsi idi. Lakin ABŞ prezidentinin və dövlət katibinin tədbirə qatılmaqdan imtinası fonunda bu razılığın verilməsi ehtimalı sıfıra bərabərdir. Çünki Vaşiqntonun icazəsi olmadan NATO-nun digər üzvlərinin belə qərar çıxaracaqlarına yalnız sadəlöhv diletantlar inana bilərlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: "Ramştayn"   Bayden   Blinken  





Xəbər lenti