Bayden: “Trampı göz bəbəyi kimi qoruyun”

      Bayden:    “Trampı göz bəbəyi kimi qoruyun”
  12 Oktyabr 2024    Oxunub:934
ABŞ prezidenti Co Bayden ölkənin Müdafiə nazirliyinə sələfi Donald Trampın təhlükəsizliyini indiki dövlət başçısının səviyyəsində təmin etməyə kömək göstərməyi tapşırıb.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Washington Post (WP)” nəşri belə məlumat yayıb.

“Nazirliyə dedim ki, qulaq asın, ona lazım olan hər şeyi verin. Sanki o, indiki prezidentdir. Əgər tələb olunan texnika bu kateqoriyaya düşürsə, çox əla. Yox, bu kateqoriyaya düşmürsə, Trampa belə hərbi texnika verməməlidir. Trampın ətrafının tələb etdiyi hərbi texnika “F-15 qırıcıları olmadığı halda” bu veriləcək”, - Bayden Trampın seçki qərargahının sorğusunun təmin ediləcəyi barədə jurnalsitlərin sualının cavabında bildirib.

“WP” və “Politico” nəşrləri yazırlar ki, Co Bayden həmçinin, Milli Təhlükəsizlik Şurasına keçmiş prezident Donald Tramp və Amerikanın sabiq rəsmilərinə qarşı sui-qəsdlər cəhdləri ilə bağlı İran hakimiyyətinə xəbərdarlıq etməyi tapşırıb. Bayden istənilən sui-qəsdi Vaşinqtonun müharibə aktı kimi qiymətləndirəcəyini bildirib.

- Biz bunu ən yüksək prioritet olan milli və daxili təhlükəsizlik məsələsi hesab edirik və İranı bu həyasız təhdidlərə görə şiddətlə qınayırıq. İran vətəndaşlarımızdan hər hansı birinə, o cümlədən ABŞ-yə xidmət göstərməyə davam edən və ya əvvəllər xidmət etmiş şəxslərə hücum olunarsa, İran ciddi nəticələrlə üzləşəcək”, - Amerika mediası ABŞ Milli Təhlükəsizlik Şurasının təmsilçisi Şon Sevettin şərhindən sitat gətirir.

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir
Bundan əvvəl WP qəzeti Donald Trampın seçki qərargahının İrandan gələn təhdidlə əlaqədar hərbi təyyarə və texnika verilməsini, habelə onun evləri və keçirdiyi mitinqlər üzərində uçuşlara məhdudiyyətlər qoyulmasını tələb etdiyini yazmışdı. Habelə yeddi ştatda seçki kampaniyası zamanı istifadə üçün gülləkeçirməz şüşələr yerləşdirildiyi bildirilib.

“Politico” nəşrinin fikrincə, təhdidlər ABŞ-nin 2020-ci ilin əvvəlində iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlıdır. Həmin hadisədən dörd il sonra da Donald Tramp administrasiyasının çoxlu məmuru müdafiə altındadır.

Xatırladaq ki, respublikaçıların prezidentliyə namizədi, ABŞ-nin keçmiş lideri Donald Trampa qarşı seçkiqabağı kampaniya çərçivəsində artıq iki dəfə sui-qəsd cəhdi olub.

Bunlardan biri iyulun 15-də, digəri isə sentyabrın 15-də baş verib. Lakin Amerika mətbuatının yazdığına görə, keçmiş prezident İrandan gələn təhdidlər barədə məlumatlandırılsa da, heç bir məqam bu sui-qəsd cəhdlərinin hər hansı şəkildə Tehranla bağlı olduğunu göstərmir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Bayden   Tramp   müdafiə  





Xəbər lenti