Şolz səxavətini göstərir, Consonun isə “həvəsi tükənib”

   Şolz səxavətini göstərir, Consonun isə    “həvəsi tükənib”
  12 Oktyabr 2024    Oxunub:816
Almaniya, Belçika, Danimarka və Norveç ilin sonuna qədər Ukraynaya 1,4 milyard avro məbləğində hərbi yardım göstərəcəklər.
AzVision.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Berlində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. Maradlıdır ki, bu açıqlama Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı vəziyyəti həlli müstəvisində Şolzla vasitəçilik məsələsi barədə müzakirə aparmaqdan imtina etməsi ilə bağlı xəbərlər fonunda səsləndirilib.

Almaniya kansleri bildirib ki, “İris-T” və “Skynex” hava hücumundan müdafiə (HHM) sistemləri, “Gepard” tankları, haubitsalar, zenit silahları, pilotsuz hücum təyyarələri, radar avadanlıqları və artilleriya mərmiləri üçün vəsait ayrılacaq.

“Bu dəstək iki məqamdan xəbər verir. Birincisi, Ukrayna bizə arxalana bilər. İkincisi, bu, Putinə açıq siqnaldır: vaxtı uzatmaq heç bir nəticə verməyəcək. Biz Ukraynaya dəstəyi dayandırmayacağıq”, - “Bloomberg” agentliyi Olaf Şolzdan sitat gətirir.

Almaniya kansleri, həmçinin G7 ölkələrinin Ukraynaya 50 milyard dollar kredit vermək niyyətində olduqlarını və bunun Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcəyini təsdiqləyib.

Qeyd edək ki, dünən Almaniyanın Xarici İşlər naziri Annalena Berbok Putinin Ukrayna məsələsində Şolzla vasitəçilik mövzusunu müzakirə etmək istəmədiyini bildirib.

- O, sülhü qəbul etməkdən imtina edir, müharibə və dağıntı lehinə siqnallar göndərməyə davam edir. Bu günlərdə o, Almaniya kansleri ilə telefonla danışmaq belə istəmir”, - Almaniya XİN-in rəhbəri deyib.

Daha əvvəl Almaniyanın “Die Zeit” qəzeti Almaniya hökumətindəki mənbələrə istinadən Şolzun Braziliyada keçiriləcək G20 sammitindən əvvəl Putinlə telefon danışığı imkanını nəzərdən keçirdiyini yazmışdı. Sentyabrın əvvəlində isə Almaniya kansleri Ukraynada müharibənin başa çatmasını sürətləndirməyə və Rusiya ilə sülh sazişi üzrə müzakirələrə başlamağa çağırıb. O, həmçinin ilin sonuna qədər baş tutmalı olan Ukrayna üzrə ikinci sülh konfransına Rusiya nümayəndələrinin dəvət edilməsi zərurətini vurğulayıb.

Maraqlıdır ki, Avropa İtttifaqının (Aİ) və NATO-nun dörd ölkəsinin Kiyevə qarşı 1,4 milyard avroluq hərbi dəstək “səxavəti” fonunda onların Şimali Atlanika Alyansındakı müttəfiqi ABŞ-nin Nümayəndələr Palatasının (ABŞ Konqresinin aşağı palatası) spikeri Mayk Conson “Ukrayna üçün əlavə maliyyələşdirmə həvəsinin olmadığını” və “buna ehtiyac olmayacağına” ümid etdiyini söyləyib.


Respublikaçı Mayk Conson “Punchbowl” portalına verdiyi müsahibədə dünyanın baş verən münaqişədən yorulduğunu bildirib. O, Trampın Ukraynadakı müharibəni tez bir zamanda dayandıra biləcəyinə inandığını və Donald Trampın qarşıdan gələn seçkilərdə qələbə qazanacağına ümid etdiyini vurğulayıb. Onun fikrincə, Kamala Harris qalib gəlsə, Consonun “çıxılmaz və təhlükəli ssenari” adlandırdığı münaqişə uzana bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şolz   Conson   Ukrayna  





Xəbər lenti