Netanyahu BMT Baş katibindən sülhməramlıları Livandan dərhal çıxarmağı tələb edib

 Netanyahu BMT Baş katibindən sülhməramlıları Livandan dərhal çıxarmağı tələb edib
  13 Oktyabr 2024    Oxunub:1111
İsrailin Baş naziri Benyamin Netanyahu BMT-nin baş katibi Anatoni Quterreşi öz təhlükəsizlikləri üçün Livanın cənubundakı döyüş bölgəsindən sülhməramlıları çıxarmağa çağırıb: "Cənab Baş katib, qüvvələrinizi zərbələrin altından geri çəkin. Bu, dərhal, ləngimədən yerinə yetirilməlidir", - Netanyahu Baş Nazirlik Ofisinin yaydığı videomüraciətdə bildirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail mediasında məlumat yayılıb.

Netanyahunun sözıərinə görə, BMT sülhməramlıları öz mövqelərində qalmaqla, şiə Hizbullah təşkilatının silahlı dəstələrinin “girovuna çevrilirlər”. “İsrail Müdafiə Qüvvələri dəfələrlə bunu (sülhməramlıları geri çəkməyi – red.) tələb edib, lakin rədd edilib. Bu, Hizbullah terrorçularını "canlı qalxan"la təmin etmək deməkdir. Bu, həm sülhməramlıların, həm də əsgərlərimizin həyatını təhlükə altına qoyur”, - deyə baş nazir bildirib.

BMT-nin Livandakı qüvvələri 48 ölkədən 11 minə yaxın əsgər və mülki işçidən ibarətdir. Onlar Livana BMT Təhlükəsizlik Şurasının 1978-ci il mart tarixli qətnaməsinə uyğun olaraq yerləşdirilib.

Qeyd edək ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələri İsrailin tövsiyələrinə baxmayaraq, ölkənin cənubundakı mövqelərini tərk etməkdən imtina edib. Sülhməramlı qüvvələrin sözçüsü Andrea Tenenti bu barədə France-Presse agentliyinə müsahibəsində bildirib.

“İsrail ordusu bizdən Mavi xətt (Livan və İsrail arasındakı sərhəd, orada yerləşən BMT sülhməramlılarının dəbilqələrinin rənginə görə adlandırılıb) boyunca mövqelərimizi tərk etməyimizi xahiş edib. Lakin biz yekdilliklə qalmağa qərar verdik, çünki bu ərazidə BMT bayrağı dalğalanmalıdır” - o deyib.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:





Xəbər lenti