Araq və kabab `diversiyası` – VİDEO, REPLİKA

Araq və kabab `diversiyası` – VİDEO, REPLİKA
  15 İyul 2014    Oxunub:2045
...Azərbaycanlı diversant erməni ərazisinə keçib, butulkaya araq doldurub, oğurladığı dananı kəsib, kabab çəkib və yeyib-içir... Yaxşı komediya mövzusu ola bilərdi, amma erməni tərəfi bunu tam ciddiyyətlə təqdim edir.

Ümumiyyətlə, belə bir şey mümkündürmü ki, diversant hansısa missiyaya gedərkən özü ilə butulkada araq götürsün, yol qırağından dana oğurlayıb kəssin və meşədə kabab çəksin? Sadəcə olaraq, absurddur. Çünki, diversantın əsas məqsədi, bir nömrəli vəzifəsi gizli qalmaqdır. Getdiyi yerdə kabab çəkib, kef məclisi qurmaq yox.

Üstəlik, bu adam özü öz dililə deyir ki, ata-babadan dana oğrusudurlar, onlarda dana oğurlaya bilməyənə qız vermirdilər.

Gün kimi aydındır ki, belə diversant ola bilməz. Çünki tarix hələ dana oğurlayıb, meşədə günün-günorta çağı kabab çəkən diversant görməyib. Bunu düşünmək belə, adama gülünc gəlir. Hələ bu da bir qırağa, harada görünüb ki, diversant özünün `qəhrəmanlığını` telefona da çəksin? Axı onun bir əsas məqsədi də özündən sonra heç bir iz qoymamaq olmalıdır...



Digər tərəfdən, əgər bu adam doğrudan da dana oğrusudursa, oğurluq üçün elə təhlükəli bir zonaya getməyə dəyərdimi? İnandırıcı deyil. Adi dana oğrusunun “fəaliyyət göstərməsi” üçün sərhəddən bu tərəfdə də kifayət qədər yer var. Bunun üçün elə təhlükəli bir yerə getməyə, minalanmış zonadan keçməyə, erməni əsgərlərinin əhatəsinə düşməyə, həyatını riskə atmağa dəyməz.

Yəni məntiq onu deyir ki, bu adam nə diversantdır, nə də dana oğrusu. Bu halda böyük ehtimalla, video quramadır. Fikir verin ki, videoda nə məkan bilinir, nə də çəkənlərin kimliyi. Səsin o görüntülərin üstünə oturdulmuş olması ehtimalı çox böyükdür. Üstəlik, videoda 3 nəfər var, amma onlardan ancaq birinin tutulması göstərilir.

Yəqin ki, məsələ belədir: bir (və ya bir neçə) azərbaycanlı ya bilməyərəkdən, ya da hansısa məqsədlə erməni tərəfə adlayıb. Və bu məqsəd heç bir halda diversiya olmayıb. Onlar ələ keçiblər və erməni tərəfi bundan təbliğat şousu düzəltməyi qərara alıb. Tez-tələsik bunu sübut edən “əşyayi-dəlil” – video da hazırlayıblar.

Ermənistandakı indiki vəziyyətdə daxili auditoriyanın hisslərinə sığal çəkmək üçün belə şoulara ehtiyac çox böyükdür. Yazıq qoca bir azərbaycanlının qollarını burub, iztirab tökülən sifətini videoya çəkməklə erməni təbliğat maşını məhz buna çalışıb. Bu səhnələr necə də rus xüsusi təyinatlılarının Orxan Zeynalovun qollarını burub, daxili işlər nazirinin “hüzuruna” gətirmələrini xatırladır! Və bu bənzərlik heç də təsadüfi deyil, çünki hər ikisində məqsəd birdir: daxili auditoriya görsün ki, “şanlı” güc orqanları necə işləyir!



Yəqin, burada məqsəd həm də beynəlxalq səviyyədə Azərbaycanı ittiham etmək üçün “fakt” qazanmaqdır. Halbuki, əgər məsələyə hüquqi nöqteyi-nəzərdən yanaşsaq, bu azərbaycanlı əgər dana oğurlayıbsa belə, öz ölkəsinin ərazisində oğurlayıb və buna görə də heç bir halda diversant sayıla bilməz.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti