Çinin hərbi təlimləri ABŞ-ni təşvişə salıb

   Çinin hərbi təlimləri ABŞ-ni    təşvişə    salıb
  14 Oktyabr 2024    Oxunub:909
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Şərq Hərbi Komandanlığı Tayvan boğazında, adanın şimal, cənub və şərqində ordu, donanma, hava qüvvələri və raket qüvvələrinin iştirak etdiyi “Birgə kəskin qılınc 2024B” təlimlərinə başlayıb.
AzVision.az bildirir ki, ÇXAO-nun Şərq Hərbi Komandanlığının təmsilçisi Li Si təlimlərin məqsədi ilə bağlı Çinin “Sinxua” agentliyinə açıqlama verib.

“Təlim Tayvanın müstəqilliyinə can atan separatçı qüvvələrə qarşı güclü xəbərdarlqıdır, milli suverenliyi və millətin birliyini qorumaq üçün əsaslandırılmış və zəruri addımdır. Manevrlər çərçivəsində Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri birgə patrul xidməti, mühüm liman və ərazilərə blokada və nəzarəti həyata keçirəcək. Eyni zamanda, dəniz və yerüstü hədəflərə zərbələr endirəcək, hərtərəfli nəzarəti ələ keçirəcək”, - Li Si vurğulayıb.

Təlimlər ÇXAO-nun gəmilərinin və təyyarələrinin müxtəlif istiqamətlərdən adaya yaxınlaşmasını nəzərdə tutur. Hərbçilər qeyd edirlər ki, manevrlərin məqsədi ÇXAO-nun Şərq Hərbi Komandanlığının döyüş qabiliyyətini yoxlamaqdır.

Adanın Mərkəzi Xəbər Agentliyi (CNA) xəbər verir ki, Tayvanın prezident administrasiyasının nümayəndəsi Qo Yahuey jurnalsitlərə bildirib ki, milli təhlükəsizlik məsələsi üzrə fövqalədə iclas keçirən Tayvan prezidenti Lai Qingde müvafiq bölmələrə Çinin Tayvan boğazında başladığı genişmiqyaslı təlimlərinə cavab verməyi əmr edib. Onun sözlərinə görə, ada rezidentinin Tayvanda və Hind-Sakit okean regionunda sülh və sabitliyi qorumaq əzmi dəyişməz olaraq qalır.

- Xarici təhlükələr qarşısında hökumət demokratik və azad konstitusiya sisteminin müdafiəsini davam etdirəcək. Hökumət milli təhlükəsizliyi qorumağa qadirdir. Arxayın olun. Eyni zamanda, hər iki tərəfin “sağlam və nizamlı dialoqa” sadiqliyinin dəyişməz qalacağına ümid edirəm”, - Qo Yahuey deyib.

Yaponiyanın “Kiodo” afentliyi Tayvanın Müdaəfiə nazirliyinin, öz növbəsində, Çinin təlimlərini “məntiqsiz və təxribatçı davranış” adlandırdığını və adanın “azadlığını, demokratiyasını və suverenliyini” müdafiə etmək üçün “müvafiq qüvvələr” göndərdiyini bildirdiyini yazır.

ÇXAO-nun Şərq Hərbi Komandanlığının Tayvan boğazında keçirdiyi hərbi təlimlər Vaşinqtonun da yuxusuna haram qatıb.

“Çin Xalq Respublikasını təmkinli olmağa, Tayvan boğazında və bütövlükdə regionda sülh və sabitliyə xələl gətirə biləcək, beynəlxalq narahatlıq mövzusu olan hər hansı növbəti hərəkətlərdən çəkinməyə çağırırıq. Biz Çinin fəaliyyətini izləməyə və ümumi narahatlıqlarımızla bağlı hərəkətlərimizi müttəfiqlər və tərəfdaşlarla əlaqələndirməyə davam edirik”, - ABŞ Dövlət departamentinin sözçüsü Metyu Millerin yazılı açıqlamasında deyilir.

Onun sözlərinə görə, Vaşinqton ÇXAO-nun Tayvan boğazında və Tayvan ətrafında keçirdiyi birgə hərbi təlimləri ilə bağlı çox narahatdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   Tayvan   ABŞ   təlimlər  





Xəbər lenti