"Xarici ölkələrdə universitet reytinqləri mikroskop altında izlənilir"

   "Xarici ölkələrdə universitet reytinqləri mikroskop altında izlənilir"
  16 Oktyabr 2024    Oxunub:1568
"Universitet reytinqi yalnız tədqiqatların sayına və ya zahiri göstəricilərə deyil, keyfiyyətli, akademik etika normalarına riayət edilən və real dəyər yaradan tədqiqatlara əsaslanır. Beynəlxalq səviyyədə reytinq müəyyənləşdirən əsas meyarlar təkcə universitetin elmi məqalə və nəşrlərinin miqdarı deyil, həm də bu nəşrlərin elmi dünya tərəfindən necə qəbul edilməsi və onların qlobal problemlərin həllinə nə qədər töhfə verməsidir".
Bu sözləri AzVision.az -a təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, xarici ölkələrdə universitet reytinqləri çox dəqiq və mikroskop altında izlənilir, çünki bu reytinqlər təkcə universitetin reputasiyasını deyil, həm də təhsil alanların gələcəyini formalaşdırır:

"Məsələni daha dərindən dərk etmək üçün tarixi müdrikliklərin yaxşı fikrləri var. Misal üçün, Marcus Tullius Ciceron öz əsərində yazırdı: “The greater the difficulty, the greater the glory” (“Duties on Obligations,” 51-ci səhifə, 2006-cı il nəşri). Bu ifadə elmi tədqiqatların əhəmiyyətini açıq şəkildə ifadə edir: ən böyük nailiyyətlər, adətən, ən çətin problemlərin həlli ilə gəlir. Fundamental tədqiqatlar, şübhəsiz ki, çox zaman və resurs tələb edir, lakin bu, qlobal akademik dairələrdə yüksək qiymətləndirilən əsas göstəricidir.

Universitetlərdən əsas gözləntilərimiz nələrdir?
Universitetlərin yüksək səviyyəli elmi tədqiqatlara və etik qaydalara sadiq qalaraq inkişaf etməsi uzunmüddətli bir prosesdir. Bir çox universitetlər sadəcə olaraq qısamüddətli nailiyyətlərə deyil, tədqiqatların real faydalarına yönəlir. Müasir tədqiqat dünyasında uğurlu olmaq üçün keyfiyyətli işlərə sadiqlik əsas tələbdir".

Ekspertin sözlərinə görə, beynəlxalq təhlillər göstərir ki, universitet reytinqlərində yüksək yerləri tutan təhsil müəssisələri, məsələn, Harvard, MIT, Oksford kimi universitetlər, əsasən, fundamental tədqiqatların keyfiyyətinə və innovasiya potensialına əsaslanır:

"Bu universitetlərin müvəffəqiyyətinin arxasında illərlə aparılan dərin, orijinal tədqiqatlar, etik standartlara sadiqlik və qlobal problemlərin həlli üçün real töhfə vermə bacarığı durur.

Məsələn, Harvard Universitetinin Qlobal Elmi Mərkəzi tərəfindən 2022-ci ildə yayımlanan bir məqalədə deyilir: “Research that addresses global challenges, from climate change to public health crises, is not only essential for progress, but also sets the gold standard for academic excellence.” Buradan da görünür ki, qlobal problemlərin həlli və dünyaya töhfə vermək akademik mükəmməlliyin ən vacib göstəricilərindən biridir.

Universitetlər keyfiyyətli tədqiqatlar həyata keçirərək və akademik etika standartlarına riayət edərək, yalnız öz reytinqlərini artırmırlar, həm də dünya elminə real töhfə verirlər. Bu yolda qısamüddətli uğurlar yox, uzunmüddətli və dəyərli nəticələr əsasdır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   universitet   reytinq   akademiketika  





Xəbər lenti